Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:59

OPEC Bakıda toplana bilər


OPEC (Organization of the Petroleum Exporting Countries). Loqo.

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin növbəti konfranslarından biri Bakıda keçirilə bilər.

Bu məsələ energetika naziri Pərviz Şahbazovla OPEC-in Azərbaycana gələn baş katibi Məhəmməd Barkindo-nun bu gün, martın 19-da keçirilən görüşündə müzakirə edilib.

Nazirliyin məlumatında bildirilir ki, görüşdə dünya neft sənayesinin hazırki vəziyyəti və bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

OPEC-in baş katibinin dünya neft bazarında qiymətlərin sabitləşməsi, balansın yaranması və neft hasilatının azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsində Azərbaycanın da rol oynadığını qeyd etdiyi bildirilir.

Buna da bax: Prezident OPEC-in baş katibini qəbul edib

Xəbərə görə, o, istehsalçı və istehlakçıların maraqlarını təmin edən vəziyyət yarandıqdan sonra da əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb, müxtəlif ölkələrlə nəzərdən keçirilən əməkdaşlıq platformalarından danışıb.

P.Şahbazov neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq məqsədilə Azərbaycanın da yaxından iştirak etdiyi OPEC və qeyri-üzv ölkələr formatının uğurlu olduğunu vurğulayıb. O, bildirib ki, neft bazarında tarazlığın bərpası bu əməkdaşlığın nəticəsidir.

“Azərbaycan öz öhdəliyinə sadiqdir və OPEC təşəbbüsünə qoşulan ölkə kimi gələcək müzakirələrdə iştirak etməyə və prosesə öz töhfəsini verməyə hazırdır”, - nazir deyib.

Görüşdə OPEC-ə üzv və qeyri-üzv dövlətlərin növbəti konfranslarından birinin Bakıda keçirilməsi təklif olunub.

OPEK-in baş katibi Azərbaycana martın 17-də gəlib.

Onu Azərbaycan prezidenti İlham Əliyev də qəbul edib. Səfərin bu gün, martın 19-da başa çatacağı açıqlanıb.

Xatırlatma

2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1.2 milyon barrel azaldılaraq 32.5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

Saziş 2018-ci ilin sonuna kimi uzadılıb. Azərbaycanın da qoşulduğu bu tədbirlərdən sonra neftin qiyməti bir qədər yüksəlib.

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 1960-cı ildə yaranıb. Təşkilatın 10-dan çox üzvü var.

Günün bütün mövzuları

XS
SM
MD
LG