Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 18:57

Prezident OPEC-in baş katibini qəbul edib


Prezident İlham Əliyev OPEC baş katibi Məhəmməd Barkindonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan prezidenti İlham Əliyev martın 18-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AzərTAC-ın xəbərinə görə, OPEC-in baş katibi Məhəmməd Barkindo deyib ki, Azərbaycan neft sənayesinin beşiyidir və hər bir neftçi gəlib öz gözləri ilə Bakını görməlidir.

Prezident İlham Əliyev isə Azərbaycan ilə OPEC arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. O deyib ki, Azərbaycan hasilatla bağlı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirir.

Dövlət başçısı neftin qiymətinin sabit saxlanması istiqamətində Məhəmməd Barkindonun və OPEC-in səmərəli, həmçinin koordinə edilmiş səylərini yüksək qiymətləndirib, bunu, eyni zamanda, birgə fəaliyyətin yaxşı nəticəsi kimi dəyərləndirib.

OPEK baş katibinin martın 17-də Azərbaycana gəldiyi bildirilir. Səfərin martın 19-na kimi davam edəcəyi gözlənir.

O, eyni zamanda energetika naziri Pərviz Şahbazovla da görüşməlidir. Energetika Nazirliyindən verilən məlumata görə, danışıqların mövzusu əməkdaşlığın hazırki vəziyyəti, habelə OPEC və tərəfdaş ölkələr arasında neft hasilatının azaldılması haqqında saziş fonunda əlaqələrin möhkəmləndirilməsi olmalıdır.

Xatırlatma

2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1.2 milyon barrel azaldılaraq 32.5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

Saziş 2018-ci ilin sonuna kimi uzadılıb. Azərbaycanın da qoşulduğu bu tədbirlərdən sonra neftin qiyməti bir qədər yüksəlib.

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 1960-cı ildə yaranıb. Təşkilatın 10-dan çox üzvü var.

XS
SM
MD
LG