Müsavat Partiyası və Demokratik Qüvvələrin Milli Şurası prezident seçkiləri öncəsində birgə mitinq keçirməklə bağlı qərar veriblər.
Bu haqda Müsavat Partiyasından bildiriblər.
Partiyanın məlumatında qeyd edilir ki, mitinqin martın 10-da keçirilməsi nəzərdə tutulur.
Açıqlamaya görə, artıq mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə təqdim ediləcək müraciət də imzalanıb. Müraciətdə etiraz aksiyasının “Monarxiyaya son”, “Siyasi məhbuslara azadlıq”, “Korrupsiyaya son”, “Bahalaşmaya etiraz edirik” və başqa şüarlar altında keçirilməsi nəzərdə tutulur.
Buna da bax: Növbədənkənar prezident seçkisi elan edildi [yenilənib]
BŞİH-ə müraciəti Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Nurəddin Məmmədlinin, Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri İbrahim İbrahimli və Eldəniz Quliyevin imzaladığı bildirilir.
İki gün əvvəl, fevralın 27-də Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) prezident seçkisinin önə çəkilməsinə etiraz olaraq ümummilli mitinq keçirmək təşəbbüsü ilə çıxış etmişdi. Şura Müsavat Partiyasına və REAL Hərəkatına müraciət etmişdi.
Buna da bax: Çingiz Abdullayev: 'Tarixdə o qalacaq ki, hansısa vicdansız öz ziyalılarını təhqir edib, söyüb'
Müsavat Partiyası dərhal Milli Şuranın birgə mitinq keçirmək təklifini müsbət qarşılayıb.
REAL Hərəkatı isə Milli Şuranın müraciətinin qurumda müzakirə ediləcəyini bildirmişdi.
Xatırlatma
Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi. Artıq 15-ə yaxın şəxs namizədliyini irəli sürüb. Onlardan, hələ ki, yalnız Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı İlham Əliyevin namizədliyi qeydə alınıb. Prezidentin köməkçiləri seçkilərin önə çəkilməsini bu il ölkədə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcəyi ilə izah edib:
“Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür”, – deyə köməkçilərdən Əli Həsənov bildirmişdi.
Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.
Sözü gedən müxalifət qüvvələri hesab edirlər ki, hakimiyyət seçkinin 6 ay əvvələ çəkilməsinə ağlabatan izah verməyib.
Ancaq hakimiyyət təmsilçiləri də bildirirlər ki, ölkədə azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var. Onların fikrincə, boykot qərarını verənlər məğlub olacaqlarını bildiklərindən bu addımı atıblar.