Alpinistlərin axtarışı nəticə vermir

Quba rayonu ərazisində dağ (arxiv fotosu)

Quba rayonu ərazisində itkin düşən alpinistlərin axtarışlarının yanvarın 17-də də davam etdiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi məlumata görə, axtarış işləri onların peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və könüllü dəstələrin iştirakı ilə aparılır.

“Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

Buna da bax: Alpinistlərin itkin düşməsinəgörə cinayət işi açılıb

Axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır”, – məlumatda vurğulanır.

Xatırlatma

«Gilavar» hava-ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə az sonra əlaqə itib.

Buna da bax: Mütəxəssis: ‘Alpinistlər marşruta buraxılanda, hər gün 3 dəfə məlumat verməlidirlər’

Fövqəladə Hallar Nazirliyi dekabrın 27-dən alpinistlərin axtarışına başlayıb.

Hadisəylə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. Hüquq-mühafizə orqanlarına görə, alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı məsələlərə məsul şəxslərin vəzifələrini tam yerinə yetirməsinə şübhələr var.