Cavusoglu fələstinli həmkarıyla BMT toplantısına qatılacaq

Mevlut Cavusoglu

Türkiyənin xarici işlər naziri deyir ki, fələstinli həmkarıyla Nyu Yorkda BMT Baş Assambleyasının iclasına qatılacaq.

“QƏTNAMƏNİN QƏBULUNA NAİL OLACAĞIQ”

Dekabrın 21-də BMT-nin Baş Assambleyası fövqəladə toplantı keçirəcək. Bu iclas ərəb və müsəlman ölkələrin xahişiylə ABŞ prezidenti Donald Trump-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarına həsr olunur. Trump-ın addımı fələstinliləri və ərəb dünyasını qəzəbləndirib, eləcə də Vaşinqtonun müttəfiqlərini narahat edib.

“Amerikanın bu yanlış və qəbuledilməz qərardan geri çəkilməsini istəyirik”, – Mevlut Cavusoglu bu gün – dekabrın 20-də azərbaycanlı və iranlı həmkarlarıyla Bakıda keçirdiyi mətbuat konfransında deyib. Xəbəri “Reuters” agentliyi yayıb.

*** Buna da bax: Erdogan Şərqi Qüdsdə səfirlik açacağını deyir

“Inşallah, Baş Assambleyada Fələstin və Qüdsün xeyrinə qətnamənin qəbuluna nail olacağıq”, – Cavusoglu deyib.

O, Birləşmiş Ştatlara İstanbuldan gedəcəyini, fələstinli həmkarı Riyad al-Maliki-nin də ona qoşulacağını sözlərinə əlavə edib.

“Bundan sonra fələstinlilərin hüquqlarının müdafiəsindən ötrü daha fəal çalışacağıq. Müstəqil Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınması üçün mübarizə aparacağıq”, – Cavusoglu Bakıda jurnalistlərə deyib.

XATIRLATMA

Türkiyə prezidenti Recep Tayyip Erdogan Trump-ın addımını sərt tənqid edib, ötən həftə müsəlman liderlərinin sammitini keçirib və Şərqi Qüdsün Fələstin paytaxtı kimi tanımağa çağırıb.

Fələstinin BMT-dəki elçisi Riyad Mansour-un sözlərinə görə, assambleyanın 193 üzvü Trump-ın bu qərarının ləğvinə çağıran qətnaməni səsə qoyacaq. ABŞ dekabrın 18-də BMT Təhlükəsizlik Şurasına çıxarılan oxşar qətnaməyə veto qoymuşdu.

Mansour qətnamənin “çoxluğun dəstəyini” qazanacağına ümidini bildirib. Səsvermənin məcburi hüquqi qüvvəsi olmasa da, siyasi çəkisi var. ABŞ-ın səfiri Nikki Haley Twitter-də xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar Amerika xalqının Qüds seçiminə qarşı səs verənləri yadda saxlayacaq.

*** Buna da bax: Azərbaycanın Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanınması nə deməkdir? [video]

Assambleya sonuncu dəfə oxşar toplantını 2009-cu ildə Qüdsün işğal olunmuş şərqi və Fələstin torpaqlarıyla bağlı keçirib. 21 dekabr iclası da həmin sessiyasının davamı sayılır.