Ramiz Mehdiyev Patruşevlə görüşüb

Nikolai Patrushev

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiyada səfərdədir. O, bu gün, noyabrın 22-si MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin Moskvada keçirilən beşinci görüşündə iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə MDB məkanında radikal dini cərəyanların yayılmasının qarşısının alınması məsələləri, Əfqanıstanda vəziyyət və Orta Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi tədbirləri müzakirə edilib.

Tədbirdə beynəlxalq terrorçuluqla mübarizənin müxtəlif aspektləri də diqqət mərkəzində olub.

Buna da bax:​ Ramiz Mehdiyevin xanımı da dövlətdən yardım alır? [araşdırma]

Ramiz Mehdiyev tədbirdəki məruzəsində dini radikalizmin, ekstremizmin və terrorçuluqla mübarizə sahəsində Azərbaycan təcrübəsi haqda danışıb.

R.Mehdiyevin tədbir çərçivəsində Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev (Nikolai Patrushev) və onun müavini Rəşid Nurqaliyevlə, Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlığın inkişafı məsələlərinin müzakirə olunduğu bildirilir.

Buna da bax:​ Ramiz Mehdiyevin hakimiyyət nərdivanında addımları (İnfoqrafika)

Rusiya Təhlükəsizlik Şurasının Aparatı ilə isə ayrıca 2018-2019-cu illər üzrə Əməkdaşlıq Planı imzalanıb. Planın detalları açıqlanmayıb.

Xatırlatma

MDB SSRİ dağıldıqdan sonra 1991-ci il dekabrın 8-də yaradılıb. Bu quruma Baltik respublikalarından başqa bütün müttəfiq respublikalar daxil olub. 2008-ci ildə Gürcüstana Rusiya qoşunları daxil olduqda bu ölkə bu qurumdan çıxıb.