Hesablama Palatası: 'ANAMA-da artıq yanacaq silinməsi...'

Cocuq Mərcanlı kəndində minadan təmizləmə (arxiv fotosu)

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) öz fəaliyyətində nizamnamə pozuntularına və maliyyə vəsaitlərinin xərclənməsində nöqsanlara yol verdiyi bildirilir.

Hesablama Palatasının ANAMA-da aparılan auditin nəticələri ilə bağlı məlumatında belə açıqlanıb. Audit 2015-2016-cı illəri əhatə edir.

Məlumatda bildirilir ki, həmin dövrdə ANAMA-ya BMT, ABŞ Dövlət Departamenti və digər donorlar vəsaitlər ayırıb. Ancaq ərazilərin minalardan təmizlənməsi işlərinin aparılmasına ayrılan vəsaitlərdə dövlət büdcəsinin vəsaitlərin daha çox olub.

Buna da bax: Hesablama Palatası: 'Valyuta bazarı kiçilib'

Palata qeyd edir ki, agentlik nizamnamə tələblərinə əməl etməyib, vəzifə maaşlarını rəhbərlik müstəqil təsdiq edib. Təkrarən əmək haqqı ödənilməsi, əməliyyatlarda iştirak etməyənlərə yemək xərcləri verilməsi, və artıq vəsaitin ödənilməsi hallarına yol verildiyi də bildirilir.

Həmçinin, müxtəlif markalı nəqliyyat vasitələrinə artıq yanacaq silinməsi hallarının üzə çıxdığı iddia edilir.

“Texniki Universitetdə elmi dərəcəsi olmayanlara...”

Palatanın məlumatında Azərbaycan Texniki Universitetinin auditi zamanı da nöqsanların aşkar edildiyi bildirilir. Qeyd olunur ki, təhsil haqqına görə, sənədləşmələr düzgün aparılmayıb.

Buna da bax: Auditorlar AZAL-da nə tapıblar

Habelə, elmi dərəcəsi olmayan müəllim və assistentlərə mühazirə saatları verildiyi bildirilir. Bundan başqa, şöbə və kafedralarda normadan artıq laborant ştatları saxlandığı açıqlanıb.

Üstəlik, audit zamanı Azərbaycan vətəndaşı olmayan tələbələrə təqaüd ödənilməsi hallarına da yol verildiyi idda edilir.

“BŞİH-nın idarəsində müəllimi aqronomluğa qəbul ediblər...”

Hesablama Palatası Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin fəaliyyətində də qüsurlar tapdığını açıqlayıb

Palata bildirir ki, birlik fəaliyyətində öz nizamnaməsinin tələblərini pozub.

Buna da bax: İqtisad Universitetinin vəzifəli şəxslərinə cinayət işi başlanıb

Bundan başqa, ixtisaslara uyğun olmayan şəxslərin - aqronom vəzifəsinə müəllimin işə götürüldüyü deyilir.

Hesablama Palatasının bu açıqlamasına, hələlik, sözü gedən qurumların münasibətini almaq mümkün olmayıb.

Həmin qurumların özləri də bunla bağlı hər hansı açıqlama yaymayıblar.