Həbsdəki redaktor işgəncəyə məruz qaldığını deyir

Qapalı həbsxana (arxiv fotosu)

Vəkil Elçin Sadıqov hazırda həbsdə olan “Xeber44.com” saytının redaktoru Araz Quliyevin şikayətini baş prokurorluğa çatdırıb.

Vəkilin bildirməsinə görə, hazırda Qobustan qapalı həbsxanasında saxlanan jurnalistin səhhəti yaxşı deyil. Üstəlik, keçmiş redaktor işgəncə ilə üzləşdiyini bildirib.

Elçin Sadıqov vurğulayıb ki, bu həftə Araz Quliyevlə görüşüb.

“O, bu barədə ətraflı izahat yazdı, həmin izahatı araşdırılması üçün Baş Prokurorluğuna göndərmişəm”, – vəkil vurğulayıb.

Buna da bax: Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?

Həbsdəki redaktorun işgəncə şikayətinə, hələlik, Penitensiar Xidmətdən və Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb. Ancaq Penitensiar Xidmət bir qayda olaraq işgəncə şikayətlərini qəbul etmir.

"Xeber44.com” saytının redaktoru Araz Quliyev 2012-ci ilin sentyabrında bu rayonda keçirilən Folklor Festivalı zamanı həbs edilən 8 nəfərdən biridir. O, 8 il həbs cəzası alıb. Ondan başqa həbs edilənlər əsasən dindarlardır. Onlar dini ədavət və dini düşmənçilik yaratmaqda təqsirli biliniblər. Bəziləri artıq, azadlıqdadır.

Buna da bax:​ 'Xalid Kazımovun gözləri tutulmaq üzrədir'

O vaxt rayon icra başçısı Rafil Hüseynov AzadlıqRadiosu-na demişdi ki, tutulanlar festivalda diskotekanın olmasına etiraz ediblər. Rafil Hüseynovun sözlərinə görə, həmin dindarlar özlərini Museyi-Kazım dəstəsi hesab edirlər və məscidlərdən mollaların başlarına çalma qoymalarını tələb ediblər.

Ancaq Araz Quliyev və onunla tutulanlar ittihamları qəbul etməyiblər. Araz Quliyevlə həbs edilənlərdən Xalid Kazımovun da səhhətinin pisləşdiyi, görmə qabiliyyətini itirməkdə olduğu bildirilir.

8 il həbs cəzaları alan hər iki şəxs hazırda hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı siyahısında yer alırlar.

Hüquq müdafiəçilərinin bildirməsinə görə, hazırda Azərbaycan həbsxanalarında 145 civarında siyasi məhbus var.

Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə alınıblar.