Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 09:00

'Xalid Kazımovun gözləri tutulmaq üzrədir'


Məhbus. Foto arxiv

5 il əvvəl Masallı rayonunda keçirilən festival zamanı həbs edilən Xalid Kazımovun səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə hüquq müdafiəçisi Oktay Gülalıyev məlumat yayıb.

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Xalid Kazımov hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladıqları siyahıda yer alır.

«Ailə üzvlərinin və yaxınlarının verdiyi məlumata görə, onun gözləri tutulmaq üzrədir. Öd kisəsindəki şiddətli ağrılardan yata bilmir. Halsızlıq və güclü baş ağrıları var. Maraqlıdır ki, məhbus müalicə müəssisəsinə köçürülmür», - deyə hüquq müdafiəçisi vurğulayıb.

Xalid Kazımovla bağlı bu deyilənlərə hələlik Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Masallı dindarlarından olan Xalid Kazımov 2012-ci ilin sentyabrında bu rayonda keçirilən Folklor Festivalı zamanı həbs edilən 8 nəfərdən biridir.

O vaxt rayon icra başçısı Rafil Hüseynov AzadlıqRadiosuna demişdi ki, Xalid Kazımov və onunla tutulanlar festivalda diskotekanın olmasına etiraz ediblər.

Rafil Hüseynovun sözlərinə görə, həmin dindarlar özlərini Museyi-Kazım dəstəsi hesab edirlər və məscidlərdən mollaların başlarına çalma qoymalarını tələb ediblər.

Ancaq Xalid Kazımov və onunla tutulanlar ittihamları qəbul etməyiblər. Xalid Kazımov 8 il azadlıqdan məhrum edilmişdi. Onlar dini ədavət və dini düşmənçilik yaratmaqda təqsirli biliniblər.

Hüquq müdafiəçilərinin bildirməsinə görə, hazırda Azərbaycan həbsxanalarında 145 civarında siyasi məhbus var.

Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG