Vəkili İlqar Məmmədovla görüşə bilməyib

İlqar Məmmədov

Vəkilin REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədovla görüşə buraxılmadığı bildirilir.

Bu haqda REAL hərəkatının təmsilçiləri məlumat yayıb.

Məlumatda bildirilir ki, vəkil Fuad Ağayev bu gün, sentyabrın 29-da REAL-ın lideri ilə görüşməkdən ötrü 2 saylı Cəzaçəkmə Müəssisəsinə gedib. Onu qapıda 50 dəqiqə gözlədiblər. Ardınca görüşməsinə icazə verməyiblər.

Buna da bax:​ ‘Qərara gəldim ki, hakimiyyətlə Qərb mediası vasitəsilə danışaq’

Verilən məlumata görə, cəzaçəkmə müəssisəsinin nümayəndələri icazə verilməməsini görüş otağında istintaq hərəkətlərinin aparılması ilə izah ediblər.

Vəkilin İlqar Məmmədovla görüşə bilməməsinə hələlik Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Buna da bax: REAL Hərəkatı partiyaya çevrilir

Bu qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Bu günlərdə Avropa Şurasının baş katibi Thorbjørn Jagland AİHM qərarına rəğmən, onun azadlığa buraxılmasından imtina edildiyinə görə Azərbaycana qarşı «misli görünməmiş» hüquqi hərəkət edilməsinə çağırıb.

Buna da bax:​ Avropa Şurası İlqar Məmmədova yenə azadlıq istədi

Sentyabrın 21-də isə Avropa Şurasının Nazirlər Komitəsi İlqar Məmmədovla bağlı AİHM-in hökmünün icrasına dair qərar çıxarıb.

Deputatlar Katibliyə tapşırıb ki, aralıq qətnamə layihəsi hazırlansın. Həmin qətnamədə Azərbaycana rəsmi xəbərdarlıq olunacaq ki, Nazirlər Komitəsi Azərbaycanın öhdəliyini yerinə yetirməməsini, AHİM qarısında qaldırmaq niyyətindədir. Ərizəçinin buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, bu qətnamə layihəsi oktyabrın 27-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.