Bakı-Tbilisi-Qars-ın oktyabrda açılacağı deyilir

Bakı-Tbilisi-Qars dəmir yolu xəritəsi

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasiminin oktyabrın 28-də keçiriləcəyi gözlənilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov AZƏRTAC-a açıqlamasında belə deyib.

O, açılışın yubanma ehtimalının olduğunu da ifadə edib.

“Hər hansı texniki problem yaranmasa, Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin rəsmi açılış mərasimi oktyabrın sonlarında keçiriləcək”, – deyən C.Qurbanovun sözlərinə görə, mərasimin oktyabrın 28-də keçirilməsi gözlənilir.

Buna da bax:​ Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimi ilə bağlı sonuncu dəfə iyul ayında açıqlama verilmişdi. Həmin vaxt Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətləri rəhbərlərinin üçtərəfli görüşündə bildirilmişdi ki, BTQ dəmir yolunun açılışı ən azı bu ilin sonada yekunlaşacaq.

XATIRLATMA

«Bakı-Tbilisi-Qars» (BTQ) dəmiryolu xətti layihəsini 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mikheil Saakashvili və Türkiyənin ozamankı baş naziri Recep Tayyip Erdoğan imzalayıb. Həmin il noyabrın 21-də BTQ-nin təməli qoyulub.

Bu dəmir yolunun açılışı dəfələrlə ertələnib. 2016-cı ilin əvvəlində Türkiyə prezidenti R.T.Erdoğan dəmir yolunun həmin ilin dekabrında açılacağını bildirmişdi. 2016-cı ilin sonlarında Türkiyənin baş naziri Binali Yıldırım demişdi ki, sözügedən tikinti 2017-ci ilin birinci rübündə tamamlanacaq və dəmir yolu işə başlayacaq.

Buna da bax: Təkcə yükdaşımalardan Azərbaycan yarım milyard dollar qazana bilər

Bu ilin fevralında Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan vurğulamışdı ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu bu ilin ortalarında istismara veriləcək.

Azərbaycan Dövlət Neft Fondunun (ADNF) məlumatına görə, həmin layihəyə 2016-cı ilin oktyabrın 1-nə 619.8 milyon ABŞ dolları vəsait ayrılıb. Azərbaycan hökuməti bu layihənin gerçəkləşməsində çox maraqlıdır. Qərb dairələri BTQ-ni dəstəkləməyib. Bu layihə Ermənistandan yan keçir.

ADNF-nin builki büdcəsində layihəyə əlavə olaraq 165 milyon 825 min manat ayrılması nəzərdə tutulub.

Layihənin ümumu xərci tam olaraq açıqlanmayıb.