NATO-nun mobil qrupu Azərbaycanda təlim keçir

NATO təlimləri (arxiv fotosu)

Azərbaycan Hərbi Hava Qüvvələrində qulluqçuların təlim kursu başlayıb. Təlimləri NATO-nun mobil qrupu keçir.

Bu haqda bu gün, sentyabrın 4-ü Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Nazirlik bildirir ki, təlim kursu Müdafiə Nazirliyinin NATO ilə birgə 2017-ci il üzrə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən təşkil olunub.

Buna da bax:​ Müdafiə naziri NATO toplantısında iştirak edib

Təlim kursu müxtəlif aidiyyəti mövzular üzrə keçirilir.

Kurslar sentyabrın 8-ə kimi davam edəcək.

1994-cü ildən başlayaraq Azərbaycan - NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Buna da bax: Cənubi Koreya hərbi poliqona hər biri 8 ton olan 8 bomba atıb

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir.