Fərman Ceyranlının məhkəməsi davam edib

Fərman Ceyranlı

Bu gün, avqustun 4-ü Tbilisi Şəhər Məhkəməsində Azərbaycandan getmiş cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlının işi üzrə məhkəmə prosesi davam edib.

Prokurorluğun nümayəndəsi məzuniyyətə çıxdığından iclas zamanı dövlət ittihamçısı başqası ilə əvəzlənib.

“Turan” Agentliyinin xəbərinə görə, hakimin “müttəhim dövlət ittihamçısının əvəzlənməsinə etiraz edirmi” sualının cavabında F.Ceyranlı deyib ki, bunun heç bir əhəmiyyəti yoxdur, çünki proses siyasi motivlidir.

Buna da bax:​ Fərman Ceyranlı: 'Mən siyasi məhbusam'

Agentliyin xəbərinə görə, yeni dövlət ittihamçısı şahidləri çağırıb dindirməyib, onların ibtidai istintaq zamanı verdikləri ifadələri oxumağa başlayıb. Bu, vəkil Gela Nikolashvilinin etirazına səbəb olub. O, bunu prosesi saxtalaşdırmaq cəhdi kimi qiymətləndirib. F.Ceyranlı da etiraz edib.

Xəbərdə qeyd edilir ki, hakim prosesi dayandırmalı olub. O, dövlət ittihamçısından tələb edib ki, şahidlər çağırılsın və onların məhkəmədə iştirakı təmin edilsin.

Proses sentyabrın 5-də davam etdiriləcək.

XATIRLATMA

Əslən Gürcüstandan olan Fərman Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burda təhsil alıb və işləyib.

Buna da bax:​ Fərman Ceyranlının vəkili: 'Siyasi sifarişlə saxlanıb'

1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.

O, bir neçə il əvvəl Gürcüstana gedərək «Lanset» klinikasının yaradıcılarından biri olub və bu il mayın 22-də həbs edilib.

F.Ceyranlı Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Cərrah dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə təqsirləndirilir. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Buna da bax:​ Həbsdəki cərrahın ailəsi açıqlama yayıb

Ötən ayın sonunda cərrahın hüquqlarını müdafiə edən vəkillər F.Ceyranlının həbsi ilə bağlı bəyanat yaymışdılar. Həmin bəyanatda deyilirdi ki, Fərman Ceyranlı siyasi sifarişlə həbs olunub. Səbəb isə onun Azərbaycandakı bir sıra müxalifətçilərin Tbilisidəki «Lancet»də müayinə və müalicəsinə şərait yaratması göstərilirdi.