'Buta Airways' işə düşdü, 'AZALJET' dayandı

"Buta Airways"

İyulun 11-dən aşağı büdcəli aviaşirkət “Buta Airways”in biletləri satışa buraxılıb.

O “Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsidir və Azərbaycanda ilk aşağı büdcəli aviaşirkətdir. Bu haqda “Buta Airways”in saytı yazır.

Aviaşirkətin ilk uçuşu sentyabrın 1-nə, Tbilisi şəhərinə planlaşdırılıb.

Aviaşirkət Bakıdan Moskvaya, Kiyevə, Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək.

Buna da bax:​ Azərbaycan 1 milyard dollarlıq 10 'Boeing' alır

Qış mövsümünün başlanması ilə “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.

“Buta Airways” parkına “Embraer” E190 və E170 təyyarələri daxildir.

Bütün istiqamətlər üzrə minimal tarif bir tərəfə 29 avrodur.

“AZALJET” fəaliyyətini dayandırır

“Buta Airways”ın fəaliyyətə başlaması ilə aşağı büdcəli “AZALJET”in fəaliyyəti dayandırılıb.

Buna da bax: AZAL-ın qiymətlərini 'Silkway' bahalaşdırır [qısa araşdırma]

Bu haqda “Report”a AZAL-ın mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətindən əlavə edilib ki, bundan sonra Azərbaycanda dövlətə məxsus 2 mülki aviasiya brendi - “AZAL” və “Buta Airways” fəaliyyət göstərəcək.

Ancaq AZAL əvvəllər aviaşirkətlərin paralel fəaliyyət göstərəcəyini açıqlamışdı. “AZAL”ın mətbuat xidmətindən 2016-cı ilin dekabrında AzadlıqRadiosu-na bildirmişdilər ki, “BUTA” turizmlə bağlı Yol Xəritəsi çərçivəsində yaradılacaq.

“AZALJET” aşağı büdcəli brenddir. “Buta Airways”sə öz işçi ştatı, təyyarə parkı və tarif siyasəti olan ayrıca aviaşirkət olacaq. Bənzər təcrübələri bir çox aviaşirkətlərdə müşahidə etmək olar. Məsələn, “AnadoluJet” “Turkish Airlines”ın törəmə müəssisəsidir, “FlyDubai” və “Emirates” aviaşirkətlərinin də ümumi təsisçisi var. Rusiyanın “Pobeda” azbüdcəli şirkəti isə “Aeroflot”un tam törəmə müəssisəsidir”, - mətbuat xidməti bildirmişdi.

Buna da bax:​ Cahangir Əsgərovun xanımı 'Bank Silk Way' ASC-nin sahibi oldu

“AZALJET”lə “Buta Airways”ın tarixçəsi

“AZALJET”in yaradılmasına 2016-cı ilin əvvəlində başlanmışdı. Həmin ilin fevralında AZAL prezidenti Cahangir Əsgərov şirkətin müxtəlif istiqamətlərə aşağı büdcəli uçuşlar yerinə yetirəcək yeni AZALJET brendinin yaradılmasına dair planlarını elan etmişdi.

“Bu biznes-model müəyyən xidmətlərə qənaət edilməsini nəzərdə tutur. Bu da, klassik aviaşirkətlərlə müqayisədə qiyməti xeyli aşağı salmağa imkan verir. Bununla yanaşı, biz Azərbaycanın milli aviadaşıyıcısının bütün reyslərində əvvəlki kimi təhlükəsizliyə və xidmətin yüksək səviyyəsinə zəmanət veririk”, - Cahangir Əsgərov həmin vaxt söyləmişdi.

Buna da bax:​ Cahangir Əsgərova hökumətlərarası saziş imzalamaq səlahiyyətini kim verib?

"AZALJET" brendi altında uçuşlara həmin il martın 28-dən Azərbaycan mülki aviasiyasının mövcud infrastrukturu əsasında yerinə yetirilməyə başlanmışdı.

2016-cı ilin dekabrında hökumət “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ni açıqladı. Həmin xəritədə yeni aşağı büdcəli aviaşirkətin - “Buta Airways”ın yaradılması nəzərdə tutulurdu.