ABŞ Suriyada atəşkəsi 'vacib addım' sayır

ABŞ Milli təhlükəsizlik müşaviri H.R. McMaster

ABŞ prezidenti Donald Trump-ın təhlükəsizlik müşaviri deyir ki, Suriyanın cənub--qərbində qüvvəyə minəcək atəşkəs ölkədə daimi sülhə doğru “vacib addım”dır.

Milli təhlükəsizlik müşaviri H.R. McMaster iyulun 8-də deyib ki, “sabah günortadan Suriyanın cənub-qərbində deeskalasiya zonası qüvvəyə minəcək”. O, atəşkəsi Birləşmiş Ştatlardan ötrü “prioritet” adlandırıb və bildirib ki, Trump administrasiyası “bu razılaşmanın əldə olunmasına aparmış proqresdən ürəklənib”.

Buna da bax:​ ABŞ-la Rusiya Suriyada atəşkəs elan edirlər

“Birləşmiş Ştatlar İslam Dövləti qruplaşmasını məğlub etməyə, Suriyada münaqişəni sona çatdırmağa, əziyyətləri azaltmağa və adamların evlərinə qayıtmasına şərait yaratmağa sadiqdir. Bu razılaşma həmin hədəflərə doğru vacib addımdır”, – o söyləyib.

Atəşkəs zonası elan etmək qərarı iyulun 7-də Almaniyanın Hamburq şəhərində Böyük 20-liyin (G20) sammitində verilib.