İTV-nin Yayım Şurasına yeni sədr seçilib

Muxtar İmanov

Bu gün, aprelin 18-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım Şurasının toplantısı keçirilib.

İTV-nin press-relizində yazılır ki, toplantıda Yayım Şurasına sədr seçkiləri keçirilib.

Şura yekdil qərarla Muxtar İmanovu Yayım Şurasının sədri seçib. Seçkidə onun alternativlərinin olub-olmaması barədə məlumat verilmir.

İndiyədək İctimai Televiziyanın Yayım Şurasına Cahangir Məmmədli rəhbərlik edirdi.

Buna da bax:​ "Ictimai televiziya dövlət televiziyasının bir kanalı kimi işləyir"

Bir neçə gün əvvəl ölkə parlamenti İTV-nin Yayım Şurasına yeni üzvlər də seçmişdi.

Növbəti mərhələdə Yayım Şurası İTV-yə baş direktor seçməlidir.

Bir həftə əvvəl isə Milli Televiziya və Radio Şurası (MTRŞ) İTV-nin baş direktoru vakansiyası ilə bağlı müsabiqə elan edib.

İTV-yə rəhbərlik etmək istəyənlər sənədlərini aprelin 12-dən 22-nə kimi Teleradio Şurasına təqdim etməlidir.

Buna da bax: Nardaranda İTV-nin kamerasını kim sındırıb?

Azərbaycanda İctimai Televiziya Avropa Şurasına üzv olarkən götürülən öhdəliklərə uyğun olaraq 2005-ci ilin avqustunda yaradılıb.

Ancaq Azərbaycan müxalifəti hesab edir ki, bu televiziya bir qayda olaraq hakimiyyətin təbliğatı ilə məşğuldur. Hərçənd İTV rəhbərliyi zaman-zaman səslənən bu tənqidləri qəbul etməyiblər.