Ölkədə mal-qaranın sayı artıb - statistikaya görə...

Samux rayonunda mal-qara.

Azərbaycanda mal-qaranın sayında cüzi artım olduğu bildirilir.

Hər halda Dövlət Statistika Komitəsinin (DSK) bilgilərində belə qeyd edilir.

DSK-nın bilgilərinə görə, ölkədə inəklərin sayı 2013-cü ildə 1162.6, 2014-cü ildə 1177.7, 2015-ci ildə 1179.6, 2016-ci ildə isə 1187.6 min baş olub.

Qoyun və keçilərin sayının 2015-ci ildə 8645.4, 2016-cı ildə də 8677.1 min baş olduğu bildirilir.

Buna da bax:​ Kanadadan Azərbaycanda heyvandarlığın inkişafına dəstək

Camışlar 3 min baş azalıb

Rəsmi bilgilərə görə, camışların sayı azalıb. 2015-ci ildə 119.6 min baş olan camışlar ötən il 115.4 min başa düşüb.

Donuzların sayında da azalma olduğu açıqlanıb. 2015-ci ildə ölkədə 6.1 min baş donuz qeydə alınmışdısa, 2016-cı ildə onların sayı 5.2 min başadək azalıb.

Daha ciddi azalma at, eşşək və dəvələrin sayında qeydə alınıb.

Buna da bax: Əhali inəklərini, camışlarını satır

Atlar 4, eşşəklər 9 min başadək azalıb

2013-cü ildən keçən ilədək atların sayının 4 min başadək azaldığı bildirilir.

Rəsmi bilgilərə görə, 2013-cü ildə ölkədə 77.2 min baş at vardısa, 2016-cı ildə bu göstərici 73.7 min başa düşüb.

Son 4 ildə eşşəklərin sayının da 9 min başadək azaldığı qeyd edilir. 2013-cü ildə təsərrüfatlarda 44.3 min baş eşşək olduğu bildirilirdi. 2016-cı ildə onların sayı 35.8 min başa düşüb.

Dəvələrin sayının isə 0.3 min başdan 0.2 min başa qədər azaldığı açıqlanıb.

Buna da bax:​ 'Ət də, balıq da, toyuq da bahalaşıb…'

Ancaq bəzi müstəqil ekspertlər iri buynuzlu mal qaranın və qoyunların sayında artıma bir qədər şübhə edirlər. Onlar son aylar ətin bahalaşma səbəblərindən biri kimi də mal-qaranın azalmasını göstərirdilər.