Naxçıvanda cəbhəçi səhhətinə görə, həbsdən azad edilib

Zeynal Bağırzadə.

Bu gün, martın 17-si Kəngərli rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Naxçıvan təşkilatının fəalı Zeynal Bağırzadə həbsdən azad edilib.

Bu barədə AzadlıqRadiosu-na Zeynal Bağırzadənin qardaşı, AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy məlumat verib.

Y.Bağırsoyun sözlərinə görə, məhkəmə qardaşının səhhətinin ağır olduğunu nəzərə alaraq, onun vaxtından əvvəl azad edilməsi ilə bağlı qərar verib. Hazırda Z.Bağırzadə Böyükdüzdəki cəza çəkmə müəssisəsindən çıxıb.

Buna da bax:​ Zeynal Bağırzadəyə işgəncə verilibmi?

Bu ilin fevralında Yaşar Bağırsoy qardaşına cəza çəkmə müəssisəsində ağır işgəncə verildiyini bildirmişdi. Onun deməsinə görə, Zeynal Bağırzadəni gecə cəza çəkmə müəssisəsinin həyətinə çıxararaq, qarın üstündə lüt saxlamışdılar.

Ancaq Naxçıvan Muxtar Respublikasının hakimiyyət orqanları şikayəti qəbul etməmişdilər.

Xatırlatma

AXCP fəalı Zeynalabdin Bağırzadə 2016-cı il fevralın 2-də Babək rayon Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan mərhum edilib. Naxçıvan Ali Məhkəməsi hökmdən verilmiş apellyasiya şikayətini təmin etməyərək qüvvədə saxlayıb.

Buna da bax:​ Naxçıvanda cəbhəçi təxribata çəkildiyini deyir...

O, dövlət qulluqçusuna zor tətbiq etməkdə (CM-nin 315-2-ci maddəsi) günahlandırılıb.

Z.Bağırzadə 2015-vi il noyabrın 16-da saxlanıb. Yaxınlarının dediyinə görə, Z.Bağırzadənin evinə gələn Sosial Müdafiə Fondunun əməkdaşları onun xanımına etikadan uzaq söyüşlər söyüblər. Z.Bağırzadə bununla bağlı Fonda gedərək həmin adamları tapıb, həyətindəki hadisəyə görə etirazını bildirib. Daha sonra bununla bağlı prokurorluğa şikayət ərizəsi verib. Sonra isə iş Z.Bağırzadənin özünün əleyhinə çevrilib.

Z.Bağırzadə bundan əvvəl də həbs edilmişdi. O, 2012-ci ildə 7 il yarım şərti cəza almışdı. Buna səbəb kimi Çernobıl qəzası ilə bağlı əlliliyi saxta alması, səlahiyyət həddini aşması, sənədləri saxtalaşdırması göstərilirdi. 7 il yarım şərti cəzadan qalan hissə sonrakı cəzanın üstünə gəlməklə o, 8 il azadlıqdan məhrum edilmişdi.

Buna da bax: ‘Həmişəki Elvinəm, daha təcrübəliyəm...’

Hüquq müdafiə təşkilatları Z.Bağırzadəni siyasi məhbus sayırdılar.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyir ki, Azərbaycanda siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.