Heydər Əliyev Mərkəzinin maliyyə mənbəyi təkcə dövlət büdcəsi deyil

Heydər Əliyev Mərkəzi

Dövlət büdcəsindən Bakıdakı Heydər Əliyev Mərkəzinin saxlanmasına ayrılan xərclərin niyə 4,5 milyon manat artması suallı qalır.

Bu ilin dövlət büdcəsində Heydər Əliyev Mərkəzinin saxlanmasına 8 milyon 25,6 min manatın ayrılması təsdiqlənib. Bir il əvvəl qurumun fəaliyyətinin təşkili vergi ödəyicilərinə 3 milyon 511,2 milyon manata başa gəlmişdi. Büdcə təsdiqlənərkən, nə Maliyyə Nazirliyi, nə də ona rəy vermiş Hesablama Palatası xərclərin 2 dəfədən çox artmasına aydınlıq gətirib. Mərkəzin özü də maliyyə hesabatını təqdim etmir.

Buna da bax:​ Heydər Əliyev Fondunun Rumıniyadakı qaranlıq biznesi

Mərkəzin rəhbərliyi susur

Məsələyə aydınlıq gətirmək üçün AzadlıqRadiosu Heydər Əliyev Mərkəzinə yazılı sorğu ilə müraciət edib. Burada sorğunun daxil olduğunu təsdiqləyiblər. Son iki ay boyunca hər telefon bağlantısında sorğuya cavab veriləcəyinə əmin ediblər. Ancaq indi məlum olub ki, qurumun bu tərz davranışı nəzakət nümayişindən başqa bir şey deyilmiş. Sorğuya cavab verilməyib.

Heydər Əliyev Mərkəzinin maliyyə mənbəyi təkcə dövlət büdcəsi deyil. Qurum burada keçirilən müxtəlif sərgi və tədbirlərin təşkilindən də vəsait qazanır. Mərkəzdə yerləşən Heydər Əliyev Muzeyi pulludur. Burada daimi fəaliyyət göstərən sərgilərdən biri «Klassik avtomobil sərgisi»dir. Bu sərgi Azərbaycan Avtomobil Federasiyası, Almaniyanın «Classic Remise» və Fransanın Milli Avtomobil («Şlumpf» kolleksiyası) muzeylərinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilib. Avtomobilləri seyr etmək 10 manatdır.

Di gəl, mərkəzin rəhbərliyi büdcədənkənar gəlirlər haqda sualı da cavabsız qoyub.

Buna da bax:​ İki il öncə prezidentin açdığı kompleks zibil maşınlarına yükləndi [foto, video]

Digər mərkəzlər də büdcədən maliyyələşdirilir

2014-2015-ci illərdə mərkəzə dövlət büdcəsindən ayrılan subsidiya eyni həcmdə - 3,5 milyon manat olub. Qurum 2011-ci ildə fəaliyyətə başlarkən, büdcədəki yükü 2 milyon manatmış.

Heydər Əliyev Mərkəzinin 2007-2011-ci illərdə tikintisi 251.1 milyon manata başa gəlib. Ölkədəki digər Heydər Əliyev Mərkəzlərinin tikintisinin maliyyə mənbəyi açıqlanmır. Bilinən odur ki, bu ideoloji qurumlar Mədəniyyət və Turizm Nazirliyi vasitəsilə dövlət büdcəsindən maliyyələşdirilir.