Neft fondunun tenderindən 7 şirkət əliboş gedib

Neft fondu

Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu Tərtər rayonu ərazisində 34 yaşayış evinin tikintisi üçün keçirilən tenderin nəticəsini açıqlayıb. Tenderə qatılan 24 şirkətdən 17-si qalib çıxıb və müqavilə bağlayıb.

1170 köçkün ailəsindən ötrü salınacaq məhəllədə 34 dördmərtəbəli yaşayış evinin tikintisinə 76 milyon 812 min 97 manat xərclənəcək. Bir ailənin məskunlaşdırılması 65 min 651 manata başa gələcək.

Buna da bax:​ Qazax sement zavodu indi 'ən böyük' oldu

Qaliblər arasında «köhnələr» daha çoxdur Tender 19 hissədə keçirilib. Maraqlıdır ki, hər hissədə, demək olar, eyni sayda – 4 şirkət iştirak edib. Qaliblər arasında məcburi köçkün qəsəbələrinin tikintisində təcrübəsi olan şirkətlər («Şəms-95» MMC «Azərsutəchizattikinti» ASC və «T.T.Ş. İnşaat» MMC, «Lanel» MMC, «Xumar-98» firması, «Azəraqrartikinti» ASC və «Tunel-Metro Tikinti» MMC) ön plana çıxıb.

«Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC də təxminən eyni məbləğdə kontrakt udub.

Buna da bax: 'Shamkir Capital Group' adını və rəhbərini dəyişdi

Qardaşa da pay verilib

Yeni müqavilələrdən Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun qardaşı Şahin Mövsümovun ortaq olduğu «AS Group of Companies» şirkətlər qrupuna da pay düşüb. Qrupun üzvü «AS Tikinti» MMC 2 binanın tikintisinə 4 milyon 700 min manat alıb. Bu şirkət indiyədək MKSİF-in ARDNF tərəfindən maliyyələşdirilən çox sayda sifarişini yerinə yetirib.

Bu il də 90 milyon manat

2001-ci ildən bu ilin əvvəlinədək ARDNF qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 2 milyard manata yaxın vəsait ayırıb. İndiyədək bu yolla 31 min 304 ailə evlə təmin olunub.

Buna da bax: Üç tanınmış şirkət birləşməkdən imtina etdi

Bu il eyni məqsədlə ötənilki qədər – 90 milyon manat vəsaitin xərclənməsi hədəf götürülüb.