Naxçıvan konstitusiyası da dəyişdi

Mehriban Əliyeva, İlham Əliyev və Vasif Talibov, Okt2005

Bu gün, fevralın 23-də Naxçıvan Ali Məclisinin beşinci sessiyasında bu Muxtar Respublikanın (MR) Konstitusiyasına dəyişikliklər müzakirə edilib.

Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov deyib ki, ötən ilin sentyabrında ölkə Konstitusiyasına dəyişikliklər edilib. Naxçıvanın Konstitusiyasına düzəlişlər edilməsi təklifi həmin dəyişikliklərə uyğun olaraq hazırlanıb.

Buna da bax:​ Naxçıvan Konstitusiyasına dəyişiklik ediləcək

Dəyişiklikdə Naxçıvan vətəndaşlarının seçki hüququnu tənzimləyən 8-ci maddəsi yeni redaksiyada verilir. Maddənin adından və mətnindən məhdudlaşdırıcı ifadələr çıxarılıb. Maddənin strukturu Konstitusiya normalarına uyğunlaşdırılıb.

Konstitusiyaya təklif olunan dəyişikliklərdən birinin də gənclərin dövlət quruculuğunun bütün təbəqələrində iştirakına şəraitin yaradılması ilə bağlı olduğu bildirilib.

Konstitusiyanın 15-ci, 29-cu və 41-ci maddələrinə edilən dəyişikliklərə əsasən 18 yaşı tamam olmuş, seçkilərdə iştirak hüququ olan hər bir şəxs dövlət orqanlarında təmsil oluna biləcək.

Buna da bax:​ ‘İndiki halda ya qanun dəyişməli, ya Əliyevlər boşanmalıdır’ [video]

Təklif olunan dəyişikliklərdə deputatların məsuliyyətinin artırılması məsələsi də öz əksini tapıb.

Ali Məclis Naxçıvanın Konstitusiyasına dəyişiklikləri qəbul edib.

Sessiyada həmçinin, 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr, Naxçıvan MR-nın 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi məsələləri də müzakirə olunub.

Ötən il sentyabrın 26-da keçirilən referendumla ölkə konstitusiyasına dəyişiklik edilmişdi.

Buna da bax: YAP icra katibi: 'Şah İsmayıl Xətai 14 yaşında dövlət başına keçib'

Orada prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, vitse prezident institutunun təsis edilməsi, prezident və parlament seçkilərində yaş senzini götürülməsi öz əksini tapmışdı. Bundan başqa, dəyişikliklərlə prezidentin səlahiyyəti də artırılırdı.

Hakimiyyət bu dəyişiklikləri ölkənin daha çevik idarə edilməsi və təhlükəsizliyi ilə izah etdi. Müxalifət isə bunu hakimiyyətin bir ailədə cəmləşməsi kimi dəyərləndirdi. Bu il fevralın 21-də prezident İlham Əliyev öz xanımı Mehriban Əliyevanı birinci vitse prezident təyin edib.