SOCAR 'Petrol Ofisi'ni ala biləcəkmi?

SOCAR-ARDNŞ

Avstriyanın "OMV AG" konserninin Türkiyədəki törəməsi olan "Petrol Ofisi A.Ş."-ni almağa 2 əsas namizədin olduğu bildirilir.

Bunlardan biri, Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkəti, digəri isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) göstərilir.

Ancaq "Bloomberg" agentliyinin məlumatına görə, ən real namizəd "Saudi Aramco"dur.

Buna da bax:​ SOCAR Türkiyədə neft terminalı alır

Təklifini Avstriya konserninə göndərən "Saudi Aramco"-nun müsbət cavab alacağı gözlənir.

Məlumat görə, SOCAR da öz təkliflərini artıq OMV-yə təqdim edib. OMV "Petrol Ofisi"nin satışının bu il tamamlanacağını bildirib.

Hazırda 4 şirkət, "Saudi Aramco", "Petromim-C", "Vitol" və SOCAR, tenderdə iştirak edir.

APA-nın məlumatına görə, bundan öncə "SOCAR Türkiye Enerji A.Ş."-nin baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib ki, "Petrol Ofisi"nin alınmasından imtina edə bilər. Bununla yanaşı, Z. Qəhrəmanov "Petrol Ofisi"nin SOCAR-dan ötrü ən uyğun variant olduğunu da dilə gətirib: "Təbii ki, dəyərləndirmələrimiz davam edir. "Petrol Ofisi"nin alışı baş tutmazsa, şirkətin "B" və "C" planı da var. Başqa şirkətlərin satın alınması və sıfırdan bir şirkətin qurulması baş tuta bilər".

Buna da bax: 'Şahdəniz-2' 2018-də işə düşəcək

"Petrol Ofisi"ni almaqda iddialı olan şirkətlərin sayı azalıb

Artıq, OPET və BP şirkətləri "Petrol Ofisi"nin alışına dair keçirilən tenderdə iştirakını dayandırıblar.

"Petrol Ofisi"nin Türkiyə ərazisində 2000-ə yaxın yanacaq doldurma məntəqəsi var. Son statistikaya əsasən, şirkət bazarın 22,7 faizinə nəzarət edir.