'Azəraqrartikinti Əmlak Komitəsini uddu

Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsinin Plenumu bu gün, fevralın 20-də “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin şikayətini əsaslı hesab edib.

Bundan əvvəl “Azəraqrartikinti” ASC Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi ilə məhkəmədə çəkişmişdi.

Buna da bax:​ İki il öncə prezidentin açdığı kompleks zibil maşınlarına yükləndi [foto, video]

Cəmiyyət iddiasında “Yeni Texnologiya AAA” MMC-nin və “Azərbaycan Sənaye Bankı” ASC-nin adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsini tələb etmişdi.

Ancaq əvvəlki instansiyalar bu tələbi təmin etməmişdi. Sonuncu dəfə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 2015-ci ilin noyabrında “Azəraqrartikinti” ASC-yə yox demişdi.

“Azəraqrartikinti” ASC Konstitusiya Məhkəməsinə müraciətində Ali Məhkəmənin həmin qərarının Konstitusiyaya və qanunlara uyğunluğunun araşdırılmasını istəmişdi.

Buna da bax: Kimya Sənaye Parkına 170 hektar ayrılacaq

Konstitusiya Məhkəməsi müraciəti əsaslı sayıb.

Məhkəmə qərarında göstərilir ki, Ali Məhkəmənin qərarı Konstitusiyaya və İnzibati Prosessual Məcəlləyə uyğun olmayıb.

Konstitusiya Məhkəməsinin qərarına görə, “Azəraqrartikinti” ASC-nin iddiasına aşağı məhkəmələr yenidən baxmalı olacaq.