'Azadlıq' qəzetinin əməkdaşları prokurorluqda ifadə verib

Azadlıq qəzeti

Bu gün, fevralın 16-sı “Azadlıq ” qəzetinin redaktoru Sücəddin Şərifov və qəzetin əməkdaşı Xəyal Babayev Baş prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət olunub.

S.Şərifov bildirib ki, onlardan qəzetin maliyyə direktoru Faiq Əmirliyə açılan cinayət işi ilə bağlı yenidən ayrı ayrılıqda ifadə alınıb. S. Şərifovdan müstəntiq Aqil Ələkbərov, Xəyal Babayevdən isə Anar Dəmirçiyev ifadə alıb.

Buna da bax:​ 'Azadlıq' qəzetinin şikayəti qəbul edilmədi

Onlar bundan əvvəl də bir dəfə sözü gedən cinayət işi ilə bağlı dindiriliblər. Qəzetin başqa əməkdaşları da istintaqa çağırılaraq, dindirilib

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-da saxlanıb. O, CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

Buna da bax:​ Qırmızı Xaç Faiq Əmirli ilə maraqlanıb

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır.

F.Gülen Türkiyədə ötən il iyulun 15-i baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılır. Hazırda ABŞ-da yaşayan F.Gülen Türkiyə rəsmilərinin bu iddialarını yalanlayıb.

Vəkilinin deməsinə görə, müstəntiq həbsindən bir qədər sonra Faiq Əmirliyə ittiham olunduğu iş ilə yox, qəzetin maliyyə məsələləri ilə bağlı suallar verib. F. Əmirli isə ittihama ail olmadığından ifadə verməkdən imtina edib.

Faiq Əmirli "Azadlıq" qəzetinin maliyyə direktoru olmaqla yanaşı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi vəzifəsini də daşıyırdı.Onun həbsindən sonra "Azadlıq" qəzetinin çapı dayanıb.