“Milli iqtisadiyyat üzrə Strateji Yol Xəritəsi əslində ölkənin ən qısa müddətdə böhrandan çıxışını nəzərdə tutmalı idi. Amma sənəd uzunmüddətli gələcək üçün nəzərdə tutulub”.
Bu sözləri “İqtisadi Araşdırmalar İnstitutu” ictimai birliyinin rəhbəri Məhəmməd Talıblı deyib.
Ekspert qeyd edib ki, sənəddə yalnız 2020-2030-cu illərdə hansı işlərin görüləcəyi bildirilib.
Buna da bax: Yeni xəritəyə də 1 milyard 170 milyon lazımdır
“İndi böhran vəziyyətinin tənzimlənməsi üzrə tədbirlər görülməsə, 2020-2030-cu illər üçün tədbirləri və nəticələri necə proqnozlaşdırmaq olar? İslahatlar şüarı altında görülmüş tədbirlər nəticəsində son iki ildə qeyri-neft sektorunun ixracı azalıb. Belə ki, 2014-cü ildə bu sektorda ixrac 1,6 milyard, Ermənistanda 1,5 , Gürcüstanda isə 2,8 milyard dollar səviyyəsində olub. 2016-cı ilin 11 ayının yekunları göstərib ki, bu il bu göstərici 1,1 milyard dollara qədər düşəcək, Ermənistanda 1,5 milyard səviyyəsində qalacaq, Gürcüstanda isə 2,3 milyard dollar təşkil edəcək”, deyə Talıblı bildirib.
Strateji Yol Xəritəsinin müddəalarına toxunan ekspert onların həyata keçirilməsinə şübhə ifadə edib. O qeyd edib ki, burada əsas səbəb siyasi və iqtisadi hakimiyyətin eyni əllərdə cəmləşməsindədir.
Buna da bax: 'Yol xəritəsi': 'Vəziyyətdən çıxmaq üçün 27 milyard lazımdır' [video]
“Qeyri-neft sektorunun inkişafı üçün azad biznes mühiti lazımdır ki, bu, yoxdur. Bundan başqa, ölkədə iqtisadiyyatın inkişafı üçün elmi bünövrə yoxdur. Dövlət büdcəsinin elmə ayrılan vəsaiti 1 faizdən azdır. Bundan başqa, bu vəsaitin səmərəli xərclənməsində problemlər var”.
Ekspert Bakının israrla Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq istəməməsini də neqativ amillər sırasında qeyd edib.
“Azərbaycan vaxtında ÜTT-ə daxil olsaydı, uyğunlaşdırılmış böhran mərhələsini çoxdan keçərdi. Amma biz bunu etmədik və buna görə Azərbaycanda azad biznes mühiti, liberal iqtisadi təmayüllər formalaşmayıb”, deyə Talıblı qeyd edib.
Buna da bax: Azərbaycan 10 istəyir, amma 5-dən çox vermirlər
O, Strateji Yol Xəritəsinin maliyyə tərəfinə də toxunub.
“Heç kim yalnız hökumətin bu sənədi qəbul etdiyinə görə pul verməyəcək. Xarici investorlar real islahatlara və onların nəticələrinə inanır. Buna görə mən bu proqramla uğur əldə ediləcəyinə inanmıram”, deyə ekspert bildirib.
M. Talıblı qeyd edib ki, Azərbaycana kredit deyil, xarici investisiyalar cəlb etmək sərfəlidir.
“Biz islahatların yekununun necə olacağını bilmədən xarici borcu daim artırırıq. Digər tərəfdən, bu borcları qaytarılması yükünü gələcək nəsillərə qoyuruq”, deyə o bildirib.
Buna da bax: Tam 'üzən məzənnə'yə keçilir - 'Yol Xəritəsi'ndə
Bu günlər «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi» açıqlanmışdı. Həmin sənəd ümumilikdə 12 yol xəritəsindən ibarət idi.
Həmin xəritələrdə neftdən asılı olmadan ölkədə ayrı-ayrı sahələrinin inkişafı qarşıya məqsəd kimi qoyulurdu. Sənəddə vurğulanırdı ki, bu məqsədlərə çatmaqdan ötrü bütünlükdə 27 milyard manata ehtiyac görülür.