Prezidentin köməkçisi: 'Hökumət qənaət rejiminə keçib'

Azərbaycanda uşaq bağçası.

“Azərbaycanda media və söz azadlığının olmaması iddiası yalandır. Müəyyən maraqlı dairələrin Azərbaycana qarşı apardıqları kampaniyanın tərkib hissəsidir”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Əl-Cəzirə” telekanalına müsahibəsində belə deyib.

Buna da bax:​ UNESCO: 'Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb'

“Azərbaycanda 3 min 500-dən çox vətəndaş cəmiyyəti təşkilatı var. Bizdə yüzlərlə qəzet, jurnal, onlarla televiziya və radio kanalı fəaliyyət göstərir. Ölkədə internet tam azaddır. Azərbaycanda media azadlığının səviyyəsini görmək üçün gündəlik çıxan qəzetlərə və internetə nəzər salmaq kifayətdir. Bu zaman görəcəksiniz ki, Azərbaycanın media məkanı azad və plüralistdir”, prezidentin köməkçisi deyib.

Hökumət qənaət rejiminə keçib

Ə.Həsənov iqtisadi durumla bağlı sualları da cavablayıb. O, hökumətin qənaət rejiminə keçdiyini qeyd edib.

Buna da bax: “Azad olmayan Azərbaycanın” son azadlıqları da tükənir

“Prezident çıxışlarında deyib ki, neft dövrü artıq bitib . Azərbaycanın inkişafı qeyri-neft sektorunun inkişafı ilə bilavasitə bağlıdır. Neft-qaz gəlirlərinin azalması başqa dövlətlər kimi Azərbaycan iqtisadiyyatına da təsir edib. Təbii ki, hökumət qənaət rejiminə keçib, ikinci planda olan bir sıra layihələrin icrası dayandırılıb. Bununla yanaşı, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məsələlərin həlli davam etdirilir”, deyən Ə.Həsənov əhalinin sosial təminatında hər hansı problemin yaranmadığını vurğulayıb.

O, ölkədə gəlirlərin neft-qazdan asılılığının tədricən azalmasına əsaslanan yeni iqtisadi siyasətin reallaşdırılmasına başlandığını bildirib.

Buna da bax:​ Azərbaycan 4 illik qənaət rejiminə keçir

“Azərbaycan üçün 3 sektorun inkişaf etdirilməsi prioritetdir: beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin formalaşdırılması, kənd təsərrüfatının və turizm sektorunun inkişafı. Azərbaycanın turizm sektoruna böyük investisiyalar yatırılıb. Yüzlərlə müxtəlif səviyyəli otel, onlarla istirahət mərkəzi tikilib. Həmçinin son illər texnologiya və rabitə sahəsində də ciddi inkişaf vardır. Azərbaycan artıq fəzaya iki süni peyk çıxarıb”, prezidentin köməkçisi bildirib.