Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:46

-

Azərbaycan hökuməti «4 illik qənaət rejimi»nə keçmək niyyətindədir.

Bu barədə maliyyə naziri Samir Şərifov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib.

Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsi və onun ölkə iqtisadiyyatına təsiri hökuməti buna vadar edir.

Nazir çıxışında dövlət büdcəsinin dəyişdirilməsi və qənaət rejiminin bəzi təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, bu il də daxil olmaqla qarşıdakı 4 ildə ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanmalıdır. Bu zaman dövlət vəsaitlərindən qənaətlə istifadə edilməklə, maliyyə nizam-intizamı gücləndirilməli, israfçılığa və izafi xərclərə yol verilməməlidir. Bura eyni zamanda dövlət investisiyalarının azaldılması, dövlət idarəetməsində ciddi islahatların aparılması, eləcə də dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinin sürətləndirilməsi aiddir.

Bəs görək, hökumət baş verənlərə reaksiyasında gecikmirmi?

«HÖKUMƏT GECİKİB»

İqtisadçı Natiq Cəfərli deyir ki, hökumət böhranlı vəziyyətin idarə edilməsinə hələ bir il əvvəl hazır olmalı idi:

«Ancaq indi məlum olur ki, onların hələ belə bir proqramları yoxdur. Sadəcə niyyətlərini bildirirlər. Hökumətin əvvəlcədən bu niyyəti var idisə, «Formula-1» yarışlarından imtina etməliydilər. Builki dövlət büdcəsində əksər sahələrdə azalma var. Ancaq beynəlxalq idman yarışlarının təşkili ilə bağlı xərclərdə azalma yoxdur».

«HÖKUMƏT GƏLƏCƏKDƏ YARANACAQ ON MİNLƏRLƏ İŞSİZİN TALEYİNİ DÜŞÜNMÜR?»

Natiq Cəfərli düşünür ki, bu məsələdə ciddi suallar doğuran məqamlar çoxdur:
«Bunlar dövlət qurumlarında ixtisarlar nəzərdə tuturlar. Üstəlik investisiya xərcləri də azalır. Bu yenidən on minlərlə iş yerlərinin itirilməsi deməkdir. Yaxşı hökumət, ixtisarlar aparmağı, investisiya xərclərini azaltmağı düşünür, bəs gələcəkdə yaranacaq on minlərlə işsizin taleyini düşünmür? Hökumət bu istiqamətdə nə etməyi düşünür, bu sualın cavabı yoxdur».

Natiq Cəfərli gələcəkdə bəzi dövlət müəssisələrinin özəlləşdirilməsi ideyasına da toxunur:

«Yaxşı, siz özəlləşdirməyə gedəcəksiniz. Bu ölkədə müstəqil məhkəmələrə, mülkiyyət toxunulmazlığına inam yoxdursa, hansı xarici investor bura gələcək. Azərbaycan daxilində pul yalnız nazir-oliqarxlardadır. Bu oliqarxlar müasir idarəçilik qabiliyyətinə yiyələnməyiblərsə, hər il dotasiya ilə işləyən «Azərsu» ASC-ni , «Azərişıq» ASC-ni özəlləşdirib nə edəcəklər ki?».

TENDERLƏ VƏ TENDERSİZ SOVRULAN MİLYONLAR...

Başqa bir iqtisadçı Dünya Sakit də deyir ki, hökumət ölkəyə böyük neft pulları gələndə dövlət vəsaitindən səmərəli istifadə etməli idi:

«2005-ci ildən ölkəyə böyük neft pulları gəlir. Saysız-hesabsız layihələr həyata keçirilib. Ya bu layihələrdə tenderlər keçirilməyib, ya da keçiriləndə də layihə-smeta xərcləri dəfələrlə şişirdilib. Mən bu sahədə araşdırmalar aparmışam. Araşdırmalarımda üzə çıxıb ki, bəzi işlər görülüb, layihə başa çatıb, onun smetası sonradan hazırlanıb».

Halbuki, qanunvericilik belə halları qəti rədd edir. Azərbaycanda satınalmalar haqqında qanuna görə, bir tenderlə udulan layihədə xərclər 15 faizdən çox arta bilməz. Ancaq yerli mətbuatdakı araşdırmalarda göstərilirdi ki, təkcə Bakıda inşa edilən körpülərdə layihə-smeta xərcləri sonradan qat-qat şişirdilib. Üstəlik bəzi körpülərin ilkin layihəsində nəzərdə tutulan keçidlər inşa edilməyib. Nəticədə xərclər şişirdilsə də, ilkin layihə üzrə nəzərdə tutulan bəzi işlər görülməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG