Azərbaycan hərbçisi həlak olub - ölümündən sonra medala təqdim olunub

Azərbaycan hərbçiləri

Bu gün, noyabrın 15-də Azərbaycan hərbiçisi Aqil Qismət oğlu Məlikovun cəbhə xəttində həlak olduğu bildirilir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin yaydığı məlumatda hərbçinin ölümü Ermənistan silahlı bölmələrinin növbəti təxribatı kimi dəyərləndirilir.

“Hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medala təqdim olunub” - deyə məlumatda vurğulanır.

Buna da bax:​ 'Azərbaycan hərbçisi snayperlə vurulub'

Müdafiə Nazirliyi noyabrın 15-i səhər yaydığı məlumatda bildirirdi ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 29 dəfə pozublar. Bu zaman 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə edilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Buna da bax: Ekspert: "785 Azərbaycan əsgəri həlak olub"

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.