'AP-Azərbaycan münasibətlərindən narahat olanlar var'

Azərbaycan parlamenti

“Azərbaycan parlamenti ilə Avropa Parlamenti (AP) arasında əlaqələrin bərpa olunması bir sıra anti-Azərbaycan dairələrini narahat edir.

Bu, özünü AP Plenar Sessiyasında qəbul edilməsi nəzərdə tutulan “Dünyada insan hüquqları, demokratiya və Avropa Birliyinin bu sahədəki siyasəti üzrə illik hesabat”a verilən bəzi düzəlişlərdə özünü büruzə verir”.

Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.

Buna da bax:​ Rasim Musabəyov: ‘Dialoq, küsülü qalmaqdan faydalıdır’

Məlumatda bildirilir ki. Avropa Parlamentinin qəbul etməyə hazırlaşdığı sənəd 2015-ci ili əhatə edir. Həmin sənəddə Azərbaycan ilə bağlı narahatlıq doğuran hər hansı fikir mövcud deyil.

“Lakin hesabat layihəsinə bir neçə deputatın etdiyi 104 və 750 saylı düzəlişlər birbaşa ölkəmizə qarşı qərəzli olub və subyektiv xarakter daşıyır”.

Məlumatda qeyd edir ki, sözügedən dəyişikliklərə qarşı Milli Məclis rəhbərliyi müvafiq addımlar atıb.

“Milli Məclisin komitə sədri Səməd Seyidov AP-nin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Broka, Avropa Birliyi (AB)-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev avropalı həmkarı Səyyad Kərimə məsələ ilə bağlı məktublar göndərib. Habelə, Avronest PA-dakı nümayəndə heyətimizin rəhbəri Fuad Muradov təşkilatın həmsədri xanım Heydi Hautalaya məsələ ilə bağlı məktub ünvanlayıb. Vaxtında atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində sözügedən düzəlişlər AP-nin Xarici Əlaqələr Komitəsinin iclasında dəstək görməyib. Səsvermə ilə rədd edilib”, deyə məlumatda bildirilir.

Buna da bax:​ Deputatlar 'Avronest'ə gedir

Milli Məclis hesab edir ki, dəyişikliklərin qəbul edilməməsi AB ilə Azərbaycan və AP ilə Milli Məclis arasında münasibətlərin inkişafında maraqlı olan rasional qüvvələrin daha güclü olduğunu göstərir.

Bir ildən çox idi ki, Azərbaycanla Avropa Parlamenti arasında münasibətlər korlanmışdı.

2015-ci ilin sentyabrında Avropa Parlamenti Azərbaycanla bağlı sərt tənqidi məzmunda qətnamə qəbul etmişdi. Həmin sənəddə əsas insan hüquq və azadlıqlarının pozulmasından, ictimai siyasi fəalların təqibindən, jurnalist ölümündən bəhs edilirdi.

Buna da bax:​ Avropa Parlamentində Azərbaycanda insan haqları müzakirə edilir

Qətnamənin qəbul edilməsindən sonra Azərbaycan parlamenti “Avronest”dən çıxmaqla bağlı prosedurların başlanmasına qərar vermişdi. Milli Məclisin sözügedən qərar qəbul edilən iclasında Avropa Parlamentinin ünvanına rəsmi səviyyədə kəskin ittihamlar səslənmişdi.

Ancaq bu il sentyabrın 30-da ölkə parlamenti Avronest-ə yenidən geri dönməyə qərar verib.