Jurnalistin şikayətinə baxılacaq

Fikrət Fərəməzoğlu

Oktyabrın 28-də Bakı Apelyasiya Məhkəməsi jam.az saytının həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun apelyasiya şikayətinə baxacaq.

Bu haqda jurnalistin vəkillərindən Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, jurnalist barəsində 2017-ci ilin yanvarının 30-dək həbs qətimkan tədbiri seçilib.

“Həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatət vermişdik. Nərimanov Rayon Məhkəməsi oktyabrın 25-də həmin vəsatəti rədd etdi. Məhkəmə həmin qərardan verilən apelyasiya şikayətinə baxacaq”, deyən vəkil jurnalistin ev dustaqlığına buraxılacağına ümid etdiyini bildirib. Müdafiə tərəfinin fikrincə, belə qərar verilməsinə kifayət qədər hüquqi əsaslar var.

Buna da bax:​ Jurnalistin həbs müddəti üç ay uzadıldı

E.Sadıqov F.Fərəməzoğlunun da iştirak edəcəyi məhkəmə iclasının qapalı keçiriləcəyini bildirib.

F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsi ilə ittiham olunurdu.

Ötən həftə jurnalistə qarşı yeni ittihamlar irəli sürülüb. Yeni ittihamlar Cinayət Məcəlləsinin 182-ci maddəsinin üç hissəsi ilə bağlıdır. Əvvəlki ittihamdan daha ağırdır.

Yeni ittihamla jurnalist qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən (CM 182.2.1), təkrar (CM 182.2.2) və xeyli miqdarda əmlak əldə etmək məqsədilə (CM 182.2.4) hədə qorxu ilə rüşvət tələb etməkdə ittiham olunur. Hazırkı ittihamlar təsdiqlənsə, jurnalist əmlakı müsadirə olunmaqla 10 ilədək həbs edilə bilər.

Buna da bax:​ Fikrət Fərəməzoğlunun ittihamları ağırlaşdırıldı

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman «24 saat» qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il azadlıqdan məhrum etmişdi.