Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:15

Oktyabrın 25-də Bakının Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədov Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun həbsin müddətini daha 3 ay uzadıb.

Vəkil Elçin Sadıqov Azadlıq Radiosuna bildirib ki, jurnalist barədə həbs qətimkan tədbiri müstəntiqin vəsatətinə və baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatına əsasən uzadılıb.

E. Sadiqovun Fikrət Fərəməzoğlu barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini isə hakim Samir Məmmədov təmin etməyib.

Buna da bax:​ Fikrət Fərəməzoğlunun ittihamları ağırlaşdırıldı

“Hər iki qərardan, - Fikrət Fərəməzoğlunun barəsindəki həbs qətimkan tədbirinin yanvarın 30-a kimi uzadılmasından və həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətin təmin edilməməsindən apelyasiya şikayəti verəcəyəm”, deyə Sadıqov qeyd edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi jurnalistdən şikayət edib. Şikayətdə Fikrət İbişbəylinin rəhbəri olduğu “Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq əvəzində bu ilin aprel ayında ondan 1000 manat aldığını bildirib.

Məlumatda qeyd edilir ki, aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb. İddiaya görə, həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanıb.

Buna da bax: Jurnalistin ailəsi deportasiya olunacağından narahatdır

Ancaq jurnalist bu iddiaları böhtan və cəfəngiyat adlandırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsinin bir neçə hissəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.

Jurnalistə 10 il həbs verilə bilər

Ötən həftə isə jurnalistə yeni ittihamlar irəli sürülüb. Yeni ittihamlar Cinayət Məcəlləsinin 182-ci maddəsinin üç hissəsi ilə bağlıdır. Əvvəlki ittihamdan daha ağırdır. Jurnalist qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən (CM 182.2.1), təkrar (CM 182.2.2) və xeyli miqdarda əmlak əldə etmək məqsədilə (CM 182.2.4) hədə qorxu ilə rüşvət tələb etməkdə ittiham olunur. Bu ittihamlar sübuta yetirilərsə, onu əmlakı müsadirə olunmaqla 10 ilədək həbs gözləyir. Əvvəlki ittihamda isə maksimum 8 il həbs cəzası nəzərdə tutulurdu.

Buna da bax: Həbsdəki jurnalist: 'Məni şərləyiblər'

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman «24 saat» qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il azadlıqdan məhrum etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG