Jurnalist Naxçıvanda ona basqı olduğunu deyir

Həkimeldostu Mehdiyev

“Sentyabrın 26-sı axşamdan Naxçıvan Təhlükəsizlik Xidmətindən olduğunu bildirən şəxs məni narahat edir”.

Bunu “Turan”a açıqlamasında Naxçıvanda fəaliyyət göstərən müstəqil jurnalist və hüquq müdafiəçisi Həkimeldostu Mehdiyev bildirib.

O, narahat edilməsinə səbəb kimi sentyabrın 26-da keçirilən Konstitusiyaya dəyişikliklərə dair referendumda seçki pozuntuları barədə faktları sosial şəbəkəyə yerləşdirməsini göstərir.

“Gecə saat 02:00-da zəng ediblər. Bu gün bizə gələcəklərini deyiblər. Mən də gözləyirəm, gəlsinlər, görək nə deyirlər?”, - deyə H.Mehdiyev bildirib.

H.Mehdiyev əvvəllər də peşə fəaliyyətinə, ictimai fəallığına görə, dəfələrlə basqılara məruz qaldığını bildirir.

Buna da bax:​ Naxçıvanda müstəqil jurnalist olmaq nə deməkdir?..

Bununla bağlı jurnalist Avropa İnsan Hüquqları Məhkəməsinə bir neçə şikayət yollayıb. Həmin şikayətlərdən birinə, artıq baxılıb.

Avropa İnsan Haqları Məhkəməsi 2015-ci ildə jurnalistin hüquqlarının pozuntusunu tanıyıb. Həmin qərarla Azərbaycan hökumətinin üzərinə jurnalistə təzminat ödəmək və yenidən araşdırma aparmaq vəzifəsi qoyulub.

Jurnalistin bildirdiyinə görə, həmin qərarın təzminat hissəsi icra edilsə də, yenidən araşdırma aparılmayıb.

Jurnalistin dediklərinə, hələlik, Naxçıvan Təhlükəsizlik Xidmətindən münasibət almaq mümkün olmayıb.