Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 21:46

Naxçıvanda müstəqil jurnalist olmaq nə deməkdir?..


Elman Abbasov
Elman Abbasov

-

«Bu il Naxçıvan Muxtar Respublikasında peşə fəaliyyəti ilə əlaqədar jurnalistlərə təqib və təzyiq göstərilməsi ilə bağlı cinayət qeydə alınmayıb».

APA İnformasiya Agentliyinin məlumatına görə, bunu Naxçıvan Muxtar Respublika prokuroru Səbuhi Şahverdiyev ilin yekunlarına həsr edilmiş kollegiya iclasında deyib.

Bir vaxtlar Naxçıvanda jurnalistika ilə məşğul olan insanlar isə bunu heç də muxtar respublikada müstəqil qələm əhlinə münasibətin dəyişməsi kimi izah etmirlər. 3 il əvvələ qədər Naxçıvanda jurnalist kimi çalışan Elman Abbasov deyir ki, artıq Həkimeldostu Mehdiyevdən başqa muxtar respublikada müstəqil jurnalist qalmayıb:

«Tək mən yox, İlqar Nəsibov və Məlahət Nəsibova da dözülməz münasibətə görə Naxçıvanı tərk etdilər. Bilirsiniz ki, İlqar Nəsibovu ötən il Naxçıvanda vəhşicəsinə döymüşdülər. Bu, sırf onun və həyat yoldaşı Məlahət Nəsibovanın jurnalist fəaliyyəti ilə bağlı idi. Mən özüm də Bakıya gəlmək məcburiyyətində qalmışam. Naxçıvanda müstəqil jurnalist kimi fəaliyyət göstərmək artıq mümkün deyil. Mən bilən, Bakıdan da müstəqil KİV-lər artıq muxtar respublikaya jurnalist göndərmirlər».

Həkimeldostu Mehdiyev
Həkimeldostu Mehdiyev

NAXÇIVANIN SONUNCU MOGİKANI...

Əslində, jurnalist Həkimeldostu Mehdiyev də indi Naxçıvanda yox, Bakıdadır. Xəstəxanadan yenicə çıxıb. Jurnalist bir müddət əvvəl həyətində çalışarkən ehtiyatsızlıqdan qolunun birini kəsib:

«6 saat Naxçıvan Muxtar Respublikasının heç bir xəstəxanasında məni qəbul etmədilər. Yaralı vəziyyətdə hansı xəstəxanaya gedirdimsə də, məni qəbul etmirdilər. Sağ olsun, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev. Səhiyyə Nazirliyinə müraciət etdi, sonra məni Bakıya gətirib, əməliyyat etdilər».

Həkimeldostu Mehdiyev deyir ki, ona olan təzyiqlər üzündən uşaqları Naxçıvanı tərk edib. Muxtar respublikada bir özü, bir də həyat yoldaşı qalıb:
«Mən özümü Naxçıvanda blokadada olduğu kimi hiss edirəm. Naxçıvanda məndən başqa müstəqil jurnalist qalmayıb. Mənə də imkan verilmir. Özümü «sonuncu Mogikan» kimi hiss edirəm. Belə çıxır ki, mənim başıma bir iş gəlsə, Naxçıvandan doğru-dürüst məlumat verən qalmayacaq. Naxçıvanda iqtisadi fəaliyyətlə məşğul olmaq istəsən, ona da imkan verməyəcəklər. Xəstəxanadan yenicə çıxmışam, maddi durumum da çox acınacaqlıdır. Doğrusu, nə edəcəyimi bilmirəm».

XS
SM
MD
LG