Cəbhəçinin apelyasiya şikayəti təmin edilmədi

Fuad Əhmədli

Sentyabrın 19-u Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədli haqda verilən şikayətə baxılıb.

Bu haqda onun vəkil Əsabəli Mustafayev məlumat verib.

Vəkil bildirib ki, Fuad Əhmədli barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə əsaslar olsa da məhkəmə bunu nəzərə almayıb. Hakim qısa müşavirədən sonra Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

F. Əhmədli avqustun 18-də saxlanıb. Ona CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Buna da bax:​ Kürdəxanıda saxlanan cəbhəçi dostlarından kitab istəyir

İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD disklər, Fethullah Gülen-in çıxışları, "Hizmet imam"ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Bu həbslə əlaqədar Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Baş Prokurorluq birgə məlumat yaymışdılar. Məlumatda qeyd edilirdi ki, "Azerfon" MMC-də "Zənglər mərkəzi"ndə operator vəzifəsində işləyən Fuad Əhmədli abunəçilərə aid fərdi məlumatları və antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb. İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD disklər, Fethullah Gülen-in çıxışları, "Hizmet imam"ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Buna da bax:​ 'Fuad Əhmədliyə görüş və danışıq qadağası qoyulub'

Fuad Əhmədlinin yaxınları isə evdən Fethullah Gülen-ə aid kitab və sənədlərin götürülməsi barədə deyilənlərin yalan olduğunu bildirir.

AXCP isə bəyan edib ki, Fuad Əhmədliyə irəli sürülən ittihamlar yalan və quramadır. Bunda məqsəd partiya və onun lideri Əli Kərimlini hədəf almaqdır. Üstəlik, AXCP hesab edir ki, hakimiyyət bir tərəfdən rəqibləri sıradan çıxarır, başqa tərəfdən də öz içində Fethullah Gülen-lə əməkdaşlıq edən şəxsləri himayə edir.

Buna da bax:​ Cəbhəçi gəncin rəsmi ittihamında nələr yazılıb?

Türkiyə rəsmiləri iyulun 15-də bu ölkədə baş verən çevriliş cəhdinə görə, Fethullah Gülen-i ittiham edir. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F. Gülen isə belə ittihamları yalanlayır.