Ağciyər mətbuat...

►22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür. Həsən bəy Zərdabinin əsasını qoyduğu mətbuatın 141 yaşı olur.

Bu günki Azərbaycan mediasının ən böyük problemi nədir?

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev medianın ən böyük problemini onun müstəqil olmamasında görür:

“Medianın ən böyük problemini bu gün bir sözlə ifadə etmək olar. O da müstəqilliyinin olmamasıdır. Azərbaycan mediası öz müstəqil düşünmə və müstəqil qərar qəbul etmək, davranmaq imkanını itirib. Çünki bunun üçün nə maliyyə mənbələri mövcuddur, nə də kifayət qədər qanunvericilik bazası. Bütün professionallıq problemləri müstəqillikdən gəlir.

Müstəqillik olmayan yerdə məsuliyyət və inkiuşafın stimulu yoxdur.

Arif Əliyev

Professionallıq bir əmtəədir ki, bu oxucuya satılır, tamaşaçıya satılır. KİV həm əvvəlcədən nüfuz qazanır, həm də maddi vəsait qazanır. Bunların heç birinə zərurət olmadığı üçün hər şey ordan başlayır”.

BİR YOX, İKİ PROBLEM

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli isə deyir ki medianın ən əsas problemləri dedikdə 2 problem yada düşür:

“Azərbaycan mediasının 2 çox önəmli problemi var. Bir azadlıq problemidir, biri də maliyyə müstəqiliyyi problemi. Azadlıq problemi son 10 ildə kifayət qədər aktual olaraq qalır.

Iqtisadi müstəqillik isə son 10 ildə kifayət qədər daralaraq gedib. Bu iki hal faktiki olaraq azad medianın mövcudiyyətini ciddi təhlükə altına alır”.

QORXU

Jurnalıst Xədicə İsmayıl isə ən əsas problem kimi qorxunu göstərir:

Xədicə İsmayıl

Azərbaycan mediasının əsas problemləri qorxudur. Azərbaycan mediasının əsas ciddi problemlərindən biri həm də vətəndaşların informasiyaya marağının az olmasıdır.

Ölkədə olan ümumi apatiya vəziyyəti insanların qəzet oxumaq və informasiya ilə maraqlanmaq arzusuna da ciddi təsir edir. Çünki insanlar daha çox məlumat almaqla həyatlarında nəyisə dəyişə biləcəklərinə inanmırlar. Həyatlarındakı hadisələr informasiyaların azlığından və çoxluğundan asılı olmayaraq dəyişir. Və əsas problem ölkə hakimiyyətinin insanların məlumatsız qalmasında maraqlı olmasıdır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Xədicə İsmayıl: "Əsas problem qorxudur..."