İran azərbaycanlıları şəkərbura-paxlavasız Novruz edirlər

Novruz

-

Azərbaycanda Novruz süfrəsinin vacib və dəyişməz şirniyyatları şəkərbura, paxlava və qoğaldır. Hətta paytaxtda Novruz bayramının bir adı da "şəkərbura-paxlava bayramı"dır.

Arazın o tayında İran azərbaycanlıları arasında isə şəkərbura, paxlava ənənəsi yoxdur. İran azərbaycanlısı Elşən Böyükvənd deyir ki, onlarda Novruz münasibətilə başqa yeməklər bişirilir, şəkərbura, paxlava yox.

İranda iki cür Novruz süfrəsi var: biri farslarındır, biri Azərbaycan türklərinin.

Hər iki süfrədə 7 şey olur. Azərbaycanlılarda bu yeddi - hər hansı nemət ola bilər: İydə, çərəzlər, çörək, su, buğda, şirniyyat, meyvələr, sarımsaq, pul, maddi dəyərli əşya, sirkə, yaşıl buğda və s.

Farslarda isə o 7 şey mütləq "S" hərfi ilə başlananlar olmalıdır.

İranlı Dalğa Xatınoğlu deyir ki, indi İran azərbaycanlıları da daha çox farsların yeddi S süfrəsini düzürlər:

Sir (Sarimsaq), Serke (Sirkə), Somaq (Sumaq), Semenu (Səməni), Sib (Alma), Sekke (Sikkə), Senced (İydə).