-
Orxan Pamukun yeni romanı çıxır
Yazıçı Orxan Pamukun “Qırmızı saçlı qadın” adlı yeni romanı fevralın 2-də satışa çıxacaq.
İlk nəşri 200 min nüsxə olan 204 səhifəlik romanın üz qapağını ingilis şair, illüstrator D.G.Rosetti’nin 1860-cı ildə çəkdiyi “Regina Cordium” əsəri bəzəyir.
Yeni roman oxucunu 30 il əvvəlin Gebze qəsəbəsinə aparır, bu, Türkiyənin Kocaeli əyalətində bir qəsəbədir. Nəşriyyatdan kitab haqqında verilən məlumata görə, litseyə başladığı il atası polislər tərəfindən aparılan və bir də ondan xəbər ala bilməyən uşağın gözündən danışılann roman Beşiktaşdakı evlərindən Gebzeyə köçən bir ana ilə oğulun hekayətidir.
Roman bir gəncin yaşadığı eşq hekayəsilə böyük insani günahı araşdırır və bu suallarla oxucunu baş-başa buraxır: İlk eşq təcrbüəsi bütün həyatı müəyyən edə bilərmi, yoxsa taleyimizi yazan yalnız tarixin və əfsanələrin gücüdür?
Orhan Pamuk bu romanı “Aslıya” (tibb işçisi, yeni rəfiqəsi Aslı Akyavaş) ithaf edib. Roman Nietzsche’nin “Faciənin doğuluşu”, Sofoklun “Kral Edip” və Firdovsinin “Şahnamə” əsərlərindən üç epiqrafla açılır.
Orxan PAMUK
"Kırmızı saçlı kadın" romanının ilk səhifələri
Əslində yazıçı olmaq istəyirdim. Amma danışacağım hadisələrdən sonra geologiya mühəndisi və mütəəhhid oldum. Oxucularım hekayəmi danışmağa başladım deyə hadisələrin sona çatıb geridə qaldığını da sanmasınlar. Xatırladıqca hadisələrin içinə daha çox girirəm. Bu üzdən sizlərin də mənim ardımca ata və oğul olmağın sirlərinə sürüklənəcəyinizi hiss edirəm.
1985-ci ildə Beşiktaşın dərinlərində, İhlamur Qəsrinə yaxın bir mülkdə yaşayırdıq. Atamın Həyat adlı kiçik bir apteki vardı. Aptek həftədə bir səhərə qədər açıq qalır, atam növbə tuturdu. Növbətçi olduğu gecələrdə atamın axşam yeməyini mən aparırdım. Uzun boylu, yaraşıqlı atam kassanın yanında yeməyini yeyərkən dərman qoxusunu iyləyərək dükanda durmağı sevirdim.
Otuz il sonra bu gün, qırx beş yaşımda taxta şkaflı köhnə apteklərin qoxusundan hələ də xoşum gəlir.
“Həyat” aptekinin çox müştərisi olmazdı. Atam növbətçi olduğu gecələrdə o zamanlar dəbdə olan, daşınabilən kiçik bir televizora baxaraq vaxt öldürürdü.
Bəzən də atamı yanına gələn dostlarıyla alçaq səslə danışarkən görürdüm. Siyasi dostları məni görüncə danışmağı dayandırır, mənim eynilə atam kimi yaraşıqlı və sevimli olduğumu deyir, suallar verirdilər: Neçənci sinfə gedirəm, məktəbdən xoşum gəlirmi, böyüyəndə kim olacağam...
Siyasi dostlarının yanında atamın narahat olduğunu gördüyüm üçün dükanda çox qalmaz, küçəyə çıxar, tutqun küçə lampalarının və çinar ağaclarının altından qaça-qaça evə dönürdüm.
Evdə anama atamın siyasətlə maraqlanan dostlarından birinin dükanda olduğunu demirdim. Çünki anam atamın başının yenidən bəlaya girəcəyini, ya da qəfildən yenə bizi qoyub gedəcəyini düşünərək əndişələnir, atama və dostlarıma hirslənirdi.
Amma atamla anamın aralarındakı səssiz davaların tək səbəbinin siyasət olmadığını da hiss edirdim.
Bəzən uzun müddət küsüşər, aralarında demək olar, heç danışmazdılar. Bəlkə də bir-birlərini sevmirdilər.
Atamın başqa qadınları, yetərincə çox qadının da onu sevdiyini sezirdim. Anamla atamın davaları məni çox hüznləndirdiyi üçün onları düşünməyi, xatırlamağı özümə yasaqlamışdım.
Atamı ən son yemək apardığım bir gecə aptekdə gördüm. Litseyin birinci sinfindəydim; adi bir payız axşamıydı. Atam televizorda xəbərlərə baxırdı. Daha sonra masanın üstünə qoyduğu yeməyini yeyərkən mən biri aspirin, o biri C vitamini və antibiotik istəyən iki müştəriyə baxdım və pulu siyirtməsi xoş bir zəng səsi çıxararaq açılan köhnə kassaya qoydum. Evə qayıdanda son bir baxış atdım atama; mənə qapıdan gülümsəyərək əl etdi.
O səhər atam evə gəlməmişdi. Bunu günortadan sonra məktəbdən qayıdanda anam dedi. Gözlərinin altı şişmişdi, ağlamışdı.
Atamın əvvəllər olduğu kimi aptekdən götürülüb Siyasi şöbəyə aparıldığını zənn etdim. Orada ona işgəncə verir, falaqqaya salır, elektrik verirdilər...