Yanvarın 1-dən spirtli işkilər nağd pulla satılmır

Alkoqollu məhsullar

-

2016-cı il yanvarın 1-dən «Aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi qaydaları» qüvvəyə minib.

Bu gündən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.

Tələbi pozanlar məsuliyyət daşıyır.

Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsində əsasən (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda (50 manatadək) satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat miqdarında cərimənin tətbiq edilməsi nəzərdə tutulur. Cinayət Məcəlləsinə əsasən tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda (50 manatdan 1000 manatadək) satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinə əsasən isə eyni əməllər külli miqdarda (1000 manatdan yuxarı) törədildikdə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qaydaya əsasən aksiz markaları ilə markalanmalı olan malların siyahısına içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatları daxildir.