"Açım iftarımı öpüşlərinlə..."

Şəhriyar İbrahimov

-
Şəhriyar İbrahimov

Şeirlər

Kimsəsiz uşaqlar
Kölgəsini ana həsrəti ilə qucaqlayıb yatan kimsəsiz uşaqlar...
Urəkləri ilgisiz, gözləri ağlamaqdan tər-təmiz qalmış...
Həsrət qaldıqları isti bir ocaq qoxusu və ana yuxusu...
Uşaq evinin buxarlı pəncərəsinə "ana" sözünü yazmaqla öyrənirlər əlifbanı.
Ürəklərinin bir küncündə çadır qurmuş intizar və adamsızlıq..
Aldadılmış təsəllilər gözlərinin zibil qutusunda.
Ata nəsihətinin müqəddəsliyindən yoxsul və xəbərsiz..
Həyat pəncərəsinin qapalı pərdələri arxasında və sonsuzluqla dolu labirintdə gözlədikləri bir ana sığalı...
Ana əli dəyməmiş paltarlarındakı həsrət qoxusu...və bulud yüklü göz qapaqları...
Mühakimə dolu baxışlar...
Kimsəsizliyin məngənəsinə düçar olmuş xəyal uşaqları...
Və kölgəsini ana həsrəti ilə qucaqlayıb yatan kimsəsiz uşaqlar...
Bax belə, qadın
Gəl su ver bir-iki ovuc ömrümə,
Tut soyuq əlimi, bir az sərinlə.
Qayıt gül üzünə, oruc ömrümə,
Açım iftarımı öpüşlərinlə...
Topla ev-eşiyi, dağıt saçımı,
Külək tək tumarla,biraz sığal çək.
Bir qırıq ümid ver,sıxım ovcuma,
Sarılım boynuna boyunbağı tək...

Bax belə... Xoşbəxtlik uzaq deyilmiş.
Həsrətdən vüsala bir addım, qadın...
Getdim arzuların dalınca daha.
Gecən xeyrə qalsın, mən yatdım, qadın...