"Səni qovmaq istəmirəm, səhv anlama"

-
Rüfət Əhmədzadə
SSRİ
Sonuncu dəfə nişanlı vaxtımda gül almışdım sənə...
Sonra daha vacib şeylər almağa qarışdı başım, sonra isə...
Rahatlığın, xoşbəxtliyin naminə satmağa da başladım bəzi şeyləri...
İnsanlığım, vicdanım da xırdalandı beləcə.
Sonra müstəqillik küləyi əsdi beynimdə,
Sənə üsyan etmək keçdi içimdən.
Rahatlığın, xoşbəxtliyin də həddən çox adi...
İnan ki, gözlərində yaş görmək üçün darıxdım sadəcə.
Sonra uzaqlardan xəbərlər gəldi...
Sənli gecələrdə yad məktublarını oxudum gizlincə
Rahatlığın, xoşbəxtliyin mürgü vururdu sənin...
İçindəki sevgin da yatırdı hərdən nə yaxşı ki.
Sənə və sevdiyim hər kəsə nifrətim oyanır, bağışla...
Sizə görə iyrəndiyim adamlara oxşadım getdikcə...
Rahatlığınız, xoşbəxtliyiniz məni bədbəxt edib, bixəbərsiniz...
İlan zəhəri kimi sancır nəvazişləriniz.
Sənsizlik də pis deyil, öz aramızdır, qınama məni...
Sən yatarkən, mən balaca, azad bir dünya qururam iş otağımda.
Rahatlığın, xoşbəxtliyin daha maraqlı deyil...
İndi ən maraqlısı, məndən nə vaxt bezib gedəcəyindir.
Səni qovmaq istəmirəm, səhv anlama...
Sadəcə bir az tək qalmağa ehtiyacım var...
Rahatlıq və xoşbəxtliyə başqa cür də çatmaq olurmu, görən?...
İnsanlardan qaçanların hamısı... bədbəxt və axmaq olurmu, görən?