Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 23:25

“Ölüb-dirilən” şəhərdən etüdlər


Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə

-

Gizlətməklə Polşa ilə münasibətlərimizi qorumuş olmuruq... Açmaqla da özümüzü pis etmirik. Onda gərək almanlar adam arasına çıxmasın, nə edə bilərik ki?!

Utanmayaq, qorxmayaq, inkar etməyək... Sadəcə nəticə çıxaraq!

Rüfət Əhmədzadə

"ÖLÜB-DİRİLƏN" ŞƏHƏRDƏN ETÜDLƏR

Bəlkə də, mənim bu yazımda Varşava üçün işlətdiyim “ölüb-dirilən” ifadəsi bir çox polyakın qəzəbinə səbəb olar, lakin o şəhərlə tanışlıqdan sonra başqa bir “bədii tərif” tapa bilmədim, ağlıma ayrı heç nə gəlmədi.

Əslində ölənin dirilməsi möcüzəli haldır, dünyada daha çox İsa Məsihə şamil olunur.

Elə Varşava üçün də möcüzəli sayıla bilər. II Dünya Müharibəsində 3 dəfə (1939, 1943, 1944) dağıdılmış şəhərin 90 faizdən çox hissəsinin, minlərlə binanın yenidən bərpası 1940-cı illərin sonundan 1970-ci illərə qədər davam etdi.

Bu isə polyak xalqının öz doğma paytaxtına, öz tarixinə sevgisi və ayaq üstə qalxmaq iradəsindən xəbər verir.

Onlar “ölü” şəhəri yenidən diriltdilər. Hətta Varşavada gəzintim zamanı bir neçə bina gördüm ki, yenidən bərpa işləri gedir. Lakin dağıdılmış şəhərin bərpası adi restavrasiya deyil, tamamilə yenidən tikilmə idi.

Milyonlarla dollar xərclənib, Varşava sakinləri pul yığıblar, özləri də abadlaşdırma işlərində iştirak ediblər, təki doğma şəhər yenidən dünyaya gülümsəyə bilsin!

Səfərimiz “Culture.Pl” saytının təşkilatçılığı ilə baş tutdu. Mən və kinoşünas-yazar Ülvi Mehdi mayın 24-də Varşavaya yollandıq. Səfərimiz mayın 28-dək davam etdi.

Ülvinin səfər proqramı daha çox Polşa kinosu ilə əlaqəli tərtib olunmuşdu, mən isə ədəbiyyat, kitabçılıq və media ilə bağlı şəxslərlə görüşəcəkdim.

Lakin bir neçə gün ərzində bələdçimiz Pavel Litskeviç ilə birlikdə şəhəri gəzmək, Varşavanın tarixinə nəzər salmaq imkanımız da oldu, elə bu yazımda məhz şəhərlə bağlı təəssüratlarımı bölüşəcəyəm.

Varşavanın dağıdılmış qədim hissəsi
Varşavanın dağıdılmış qədim hissəsi

Varşava Avropanın ən bəxtsiz şəhərlərindən hesab olunur – məhz 5 il içində 3 dəfə amansızcasına dağıdıldığına görə.

Vaxtilə “Şimali Paris” adlandırılan Varşavanın dağıdılmasına 1939-cu ildə – Nasist Almaniyası və SSRİ arasındakı sazişdən sonra başlanıldı. Qeyd edim ki, almanlar Polşada 6 milyon insanı, kommunistlər isə 5 milyon insanı terrora məruz qoyublar.

Varşavanın qədim hissəsi bərpa edildikdən sonra
Varşavanın qədim hissəsi bərpa edildikdən sonra

Təkcə Xatında Stalinin əmri ilə 21 min polyak əsgər və zabit güllələnmişdi. Polşanın qoparılmış şərq vilayətlərindən Lvov hazırda Ukraynanın sərhədləri daxilindəndir. Polyaklar həmin torpaqları unutmayıblar, vaxtaşırı yada salırlar.

Lakin Ukraynaya qarşı Polşa tərəfindən hər hansı ərazi iddiası yoxdur. Bu gün Ukraynanın Polşa ilə isti münasibətdə olması, elə rəsmi Varşava üçün böyük qələbə sayıla bilər.

Həm də hazırkı vəziyyətdə... həmsöhbət olduğum bir çox Varşava sakinləri bunun yersiz olduğunu, Ukraynaya işğalçı Rusiya ilə mübarizədə dəstək gərəkdiyini bildirdilər.

İnadla SSRİ-nin irsinə sahib çıxdığını iddian edən Rusiya Federasiyası isə bu cinayətlər barədə eşitmək istəmir, əksinə, polyakları və başqa Mərkəzi Avropa xalqlarını nankorluqda ittiham edir...

Qayıdaq Varşavanın “ölməsi” söhbətinə. Varşavaya ilk zərbələr şəhərin 28 günlük müharibəsi zamanı endirildi.

Varşavanın ələ keçirilməsindən sonra bir neçə dəfə üsyan cəhdləri olsa da, hər dəfə bu üsyanlar amansızcasına yatırılmış, on minlərlə insan güllələnmiş və ya başqa şəkildə edam olunmuş, tarixi binalar isə hər birinə yüzlərlə, minlərlə dinamit qoyulub partladılmışdı.

Hazırda 1,6 milyon əhalisi olan şəhərin müharibədən əvvəl 1,3 milyon sakini var idi (onlardan 250 minə yaxın yəhudi idi), müharibədən sonra isə şəhərdə bir neçə min insan qalmışdı...

Varşava üsyançıları, 1944
Varşava üsyançıları, 1944

“Staro Miasto” və ya “Starovka” (Köhnə şəhər) adlandırılan mərkəz rayonu Varşavanın ilk işğal günlərində tamamilə dağıdılmış, kral qəsri, tarixi abidələr və bir çox qədimi bina məhv edilmişdi.

1943-cü ilin aprelində 100 mindən çox yəhudinin sıxışdırılıb yaşadığı gettoda üsyan baş verdi, amma təbii ki, üsyan qısa müddətdə yatırıldı və Hitlerin əmri ilə şəhər ikinci dəfə dağıdıldı.

Varşavada üsyançılarla döyüşən alman əsgərləri 1944
Varşavada üsyançılarla döyüşən alman əsgərləri 1944

1944-cü ildə almanların şərq cəbhəsində geriləməsindən həvəslənən və Moskvanın “qardaşlıq” və “birgə mübarizə” çağırışlarına inanan polyak partizanlar və narazı sakinlər böyük üsyan qaldırdılar, faşistləri Visla çayının sağ sahilinə sıxışdırdılar.

Kömək etmək imkanı varkən, Stalin qoşunlarına Varşava üsyanına “qarışmamaq” əmri verdi.

Onsuz da, sonra gəlib şəhəri döyüşsüz alacaqdılar.

Almanların əsas qüvvələri isə geriyə çəkilməkdə idi.

1944-cü ilin avqust-sentyabr aylarında baş vermiş döyüşlərdə üsyançılara qarşı alman hərbçilərindən çox təslimçi kazaklar, ukraynalılar, başqa millətlərin nümayəndələri, xüsusilə də azərbaycanlılar döyüşüblər.

Bəli, “cəza qüvvələri”nin tərkibində etnik çoxluğuna görə azərbaycanlılar fərqlənirdi – general fon dem Baxın rəhbərlik etdiyi 111-ci Azərbaycan Piyada Polku.

Bunu mən bilmirdim, Paveldən eşidəndə çox təəccübləndim, hətta inadla mübahisə etməyə də çalışdım.

Amma tarix elə tarixdir, dəyişmək olmaz. Otelə gəldiyimdə müxtəlif dillərdə olan mənbələrə də rast gəldim, bizim dilimizdən savayı.

Gizlətməklə Polşa ilə münasibətlərimizi qorumuş olmuruq... Açmaqla da özümüzü pis etmirik. Onda gərək almanlar adam arasına çıxmasın, nə edə bilərik ki?!

Utanmayaq, qorxmayaq, inkar etməyək... Sadəcə nəticə çıxaraq!

(Ardı aşağıda)

111-ci batalyonun azərbaycanlı əsgərləri Varşava üsyanı zamanı, 1944
111-ci batalyonun azərbaycanlı əsgərləri Varşava üsyanı zamanı, 1944

Varşava üsyanı nəticəsində hər beş evdən dördü xarabaya çevrilmişdi. Dağıntıları tərk edən sakinlər fevral ayında şəhərə qayıdanda bir binanın xarabalıqları altında, zirzəmidə qocaq bir qadının qışdan sağ-salamat çıxdığını gördülər.

Onun ətrafına göyərçinlər yığışmış, şaxtadan qorumuşdular. İndi həmin evin qarşısında həmin qadın üçün xatirə tablosu və göyərçinlərin əhatəsində olan qadın təsviri də var....

Varşavanın mərkəz hissəsi, yəni “Köhnə şəhərin” abadlaşdırılması 20 ilə yaxın vaxt aldı. Bu abadlaşdırma işləri isə heç də asan olmadı.

Qarət olunmuş eksponatların və şəhər mənzərəsinə aid rəsmlərin tədricən geri qayıtması, müxtəlif fotoşəkillərin xarabalıqlarla tutuşdurulması, eləcə də arxivlərin açılması ilə binaları və abidələri mümkün qədər dəqiq bərpa etməyə çalışdılar.

Daha çox da, işğaldan bir il əvvəl diplom işi olaraq şəhərin bütün binalarının ölçülərini götürmüş Varşava Universitetinin memarlıq fakültəsinin tələbələrinin eskizləri bu mübarizədə yardımçı oldu. Xoşbəxtlikdən, fakültənin arxivləri salamat qalmışdı...

Kral Siqizmundun şərəfinə (oğlu tərəfindən) ucaldılmış sütunun orijinal qalıqları indi bir kənara qoyulub, kral qəsrinin qalıqları isə Varşava Üsyan Muzeyindədir (elə həmin qəsrdə yerləşir).

Muzeydə partizanların gizli mətbəəsi və şəhər dağıntılarını əks etdirən təsvirlər, fotolar var. Bir zalda filmlər nümayiş olunur, nisbətən kiçik olan digər zalda isə dağıdılmış Varşavanın quşbaxışı 3D görüntüsü nümayiş olunur.

Həmçinin almanların təqibindən qaçan üsyançıların istifadə etdiyi kanalizasiya tunellərinin (həmin tunellərin özü aralıdadır) süni modelləri yaradılıb və muzeyin qonaqları həmin tunellərdən beş dəqiqə keçməklə, iki sutka ərzində dar və qoxulu tunellərdə əzab çəkən insanların vəziyyətini təsəvvür etmiş olurlar.

Yeri gəlmişkən, almanların tunel lyuklarını atəşə tutması zamanı 18 yaşlı polyak qız da ağır yaralanmışdı. Alman əsilli bir həkim isə həmin qızın həyatını xilas etmiş və onun “nəzarət atəşi” ilə öldürülməsinə imkan verməmişdi.

Şəhərin abadlaşdırılması zamanı bəzi məzəli və absurd hallar da baş vermişdi. Məsələn, XVII əsrə aid Palac Branickich (Branitskilərin Sarayı) ilə bağlı tarixi fakt.

Deməli, XVIII əsrdə rəssam Bernardo Bellotto kralın əmri ilə Varşavadakı binaların rəsmini çəkərkən, Branitski ailəsi (şəhərin varlı şlyaxta zadəganı Stefan Mikolayay Branitski evi Sapieh ailəsindən alıb yenidən inşa etdirib) rəssamdan "balaca" xahiş ediblər: "Bizim evin də şəklini çək, amma biz dama heykəllər qoymaq istəyirik, hələ pulumuz çatmır).

Varşava, 1770
Varşava, 1770

Rəssam razılaşır, onlardan eskizlər alır, lakin özü də Branitski ailəsi ilə məzələnmək üçün heykəllərin yanında meymun fiqurları da təsvir edir. İki əsr keçir, binanın damına heç vaxt heykəl qoyulmur.

Əslində heykəlsiz olan bina II Dünya Müharibəsində almanlar tərəfindən dağıdılır, Varşava yenidən qurulanda isə həmin rəsm əsərində olduğu kimi yenidənqurma işləri görülür.

Yəni, Branitskilərin xəyal etdiyi heykəllər düz 200 il sonra, həm də meymun fiqurları ilə birlikdə reallaşır. Şəhərdə ən fərqli binalardan biridir. Yəqin ki, siz də damında heykəllər olan bina görməmisiniz... Rəssamın məzəsi də beləcə həyata keçmiş olub.

Qeyd edim ki, vaxtilə Polşada 5 milyona yaxın yəhudi yaşayıb, indi isə bu ölkədəki yəhudi icması cəmi 20 min nəfəri əhatə edir.

Lakin Varşavada daxili dizaynına görə Qırmızı Dənizin aralanmasını və bir sıra Bibliya rəvayətlərini xatırladan möhtəşəm Polin Polşa Yəhudilərinin Tarixi Muzeyi var, bu muzeydə müasir texnologiyalardan da səmərəli istifadə olunur.

Səfərimizin son günündə bu muzeyin mədəniyyət proqramları üzrə koordinatoru Kayetan Proxira (Kajetan Prochyra) ilə görüşdük və o, Polin muzeyinin akt zalında hər həftə ən az 1 konsertin keçirildiyini və bu konsertlərin müxtəlif milli mənsubiyyətləri, müxtəlif janrları əhatə etdiyini dedi:

“Bu işlər üçün büdcəmiz elə də çox deyil, lakin davamlı konsertlər keçirməklə tədbirlərin maliyyəsini təmin edə bilirik, həm də bəzən konsert və festivallar olanda zalı icarəyə veririk”.

Polşa Milli Muzeyində də olduq və oranın da teatrının olduğunu öyrəndim – aldığım ekskursiya biletinə muzeydəki teatrın son tamaşasına da getmək üçün güzəşt kuponu əlavə edilmişdi.

Polyakların özünübərpaetmə qabiliyyəti onların tədbirli davranışları ilə də əlaqəlidir.

Mədəni irsə diqqətlə yanaşırlar. Muzeylərdə köhnə əsərlərin surətini çəkən xeyli gənc rəssamlar görürdüm. 1938-ci ilin tələbələri kimi, bu gənclərə diplom işi olaraq milli mədəniyyət nümunələrinin surətini canlandırmaq həvalə olunub.

Şopen Muzeyində dahi bəstəkarın köhnə fortepianosu və əşyaları ilə yanaşı, o dövrə aid bir çox eksponatlar var və Şopen dövrünə aid tarixi hadisələri də monitordan izləmək olur.

Muzey işində monitorlardan və sənədi animasiyalardan istifadə mənim üçün xoş bir yenilik idi.

Polşanın son kralı Stanislav Avqust Ponyatovski tərəfindən yay iqamətgahı kimi salınmış Lajenki Kral Parkında da Şopenin abidəsi var və hər bazar günü açıq havada, abidənin yanında gənc musiqiçilərin konsertləri olur.

Adam Mitskeviç adına Polşa Ədəbiyyatı Muzeyində isə bir daimi kolleksiya dahi şair Adam Mitskeviçə aiddir, digəri isə hər il bir yazıçı olmaqla dəyişir. Hazırda məşhur yazıçı Mariya Dombrovskayanın yaradıcılığı muzey qonaqlarına təqdim olunur, onun əsərlərinə çəkilən və ya ona ithaf olunan filmlər nümayiş etdirilir.

Həmçinin muzeydə vaxtaşırı təqdimatlar keçirilir, uşaq kitab bayramları və gənc yazarların gecələri təşkil olunur.

Təəssüf ki, bizim ölkədə belə muzey yoxdur... Amma təəssüf ki, 40 milyonluq Polşa kitab oxunmasına görə Avropada ən son yerlərdən birində qərarlaşıb (axırdan dördüncü).

Ümumiyyətlə, təəssüf ki, Azərbaycan bu ölkənin (və ya Bakı Varşavanın) son 25 ildə keçdiyi inkişaf yolunun beşdə birini də keçə bilməyib.

Gözəgəlimli binalardan, göydələnlərdən danışmıram. Polşanın çoxşaxəli inkişaf təcrübəsi iqtisadiyyatı neftdən asılı olan Azərbaycan üçün çox yaxşı nümunə ola bilər.

Göydələn binalardan Varşavada çox azdır (ya da mən az gördüm), müasir şəhər sahəsinə görə müharibə dövründəkindən 4 dəfə böyükdür; əhali sayı Bakıdan 3 dəfə az olmasına baxmayaraq, şəhərin genişliyi, yaşıllıqların bolluğu və tıxacların azlığı ürək açır.

Tarixi ruhu qorumaq üçün olan sevgi, mədəniyyətin təbliğinə müasir yanaşma üsulları, şəhər mədəniyyəti, qanunsevərlik, polislərin 4 gün ərzində yalnız Sevilya-Dnepreptrovsk oyunu zamanı görünməsi, mübahisəyə meyilliyin az olması, hər kəsin öz həyatını rahat sürməsi... Daha nələri sayım?

Hə, bir gecə Varşava küçələrində gecə saat 4-ə qədər gəzməli oldum (onlarda 92-93 söhbəti yoxdur), otelə geri qayıdarkən isə polyak taksi sürücüsü sayğac ola-ola (sayğacın üstündə jaket olsa da, bir balaca əyiləndə 50 zlotı yox, 13 zlotı ödəməli olduğumu görürdüm) məni aldatmağa, artıq pul almağa çalışdı.

Mənsə sürücünü şoka salaraq polyak dilində dedim ki, “pan, mən polonistəm, Varşavaya sizin ölkəniz, xalqınız haqqında reportaj hazırlamağa gəlmişəm, sizsə məni adi turist bilib aldatmağa çalışırsınız?”.

Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə

Sürücü duruxdu, üzr istədi. Mənsə gülümsündüm, qapını örtərkən dedim ki, “problem yoxdur, polyaklar yaxşı insanlardır, ölkənizi sevirəm”.

Ağsaqqalın qanı qaralmışdı, yəqin ki, ona babat dərs vermişəm. Ümumiyyətlə, orda belə halların çox olmadığını eşitdim, sadəcə bəzi adamlar var ki, turistlərdən “faydalanmağa” çalışır. Belələri bizdə də az deyil.

Əslində azərbaycanlılar da yaxşı insanlardır, çalışaq, heç kimi aldatmayaq. Elə özümüzü də!

Bir də ki, polyaklar Azərbaycan haqqında çox az şey bilir (bəziləri bizim ölkənin Əfqanıstanla qonşu olduğunu da düşünürdü), hətta mənim məzunu olduğum Bakı Slavyan Universitetində polyak dilinin tədris olunması faktı bir çox polyak həmsöhbətim üçün də xoş sürpriz oldu.

Varşava üçün çox darıxacam...

XS
SM
MD
LG