Azərbaycan nefti və Yaponiyanın 1 kiloqramlıq beyni [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

-

«Tərtərdə bir neçə il öncə yeni süd zavodu açıldı. Böyük vəsait hesabına inşa olunan zavod çox gözəl idi. Mən çox sevindim ki, nəhayət kiçik rayon sakinləri olan tərtərlilər orada işləyə biləcəklər. Amma həmin zavoda işçilər avtobusla Qəbələdən gətirilirdi. Hələ də anlaya bilmirəm – Tərtərdə işçi yox idi ki, o qədər işçini Qəbələdən gətirirdilər?».


Tərtərdə rastlaşdığı bu mənzərə vəkil İradə Cavadovanı xeyli təəccübləndirib. O, süd zavodunda işləmək istəyən tərtərlilərə məsləhət görüb ki, həmin zavoda rəsmi müraciət etsinlər. Ancaq zavoddan işçilərə bildiriblər ki, icazəni zavoddan yox, yerli icra hakimiyyətindən almalıdırlar. Tərtər icra hakimiyyətindən isə cavab belə olub ki, icazəni Gəncənin icra hakimiyyəti verməlidir.

İSTƏSƏLƏR, QANUN İŞLƏYƏR

Vəkil İradə Cavadova deyir ki, təcrübəsində tez-tez özəl sahibkarlığın rəsmi qurumlarla əlaqəsinin, açılan müəssisələrin bir neçə şəxsin marağına xidmət etməsinin şahidi olur. Bu da təkcə işaxtaranların deyil, kiçik sahibkarların hüquqlarının müdafiəsinə əngəl törədir. Məsələn, o, bir neçə il öncə metro stansiyasında ticarət köşkü ala bilməyən bir nəfərin hüquqlarını məhkəmədə müdafiə edib.

İradə Cavadova

Başqa ticarətçilərə icazə verildiyindən bu şəxsə münasibətin ayrı-seçkilik olduğunu sübut etməyə çalışıb. Amma məhkəmədə bu məsələ qalıb kənarda. Əsas mübahisə metro keçidlərinin kimin balansında olmasının aydınlaşdırılması üzərində gedib. Əvvəl cavabdeh qismində Nəqliyyat Nazirliyi, sonradan özəl şirkət – «ZQAN Holdinq»in adı çəkilib. İş hətta Konstitusiya Məhkəməsinəcən gedib:


«Konstitusiya məhkəməsi də, digər məhkəmə instansiyalarında olduğu kimi, iddiamızı qəbul etmədi. Bizi inandırmağa çalışdılar ki, qatıq qaradır. Amma bu yaxınlarda məlum oldu ki, həmin yeraltı keçidlər Metropolitenin balansıydaymış. Demək, istəsələr, qanun işləyər. Amma Azərbaycanda qanun hər kəsə eyni deyil. Bəzi sahibkarlar üçün şərait yaradılır, amma bəziləri üçün, əksinə, imkanlar daha da məhdudlaşdırılır».


3 FAİZLİK PAY

Azərbaycanda kiçik sahibkarlığın Ümumi Daxili Məhsulda (ÜDM) payı cəmi 3 faizdir. Bu qənaətə İqtisadi Təşəbbüslər Mərkəzi apardığı tədqiqat nəticəsində gəlib.

Rövşən Ağayev

Mərkəzin «Post-neft dövrünə hazırlıq və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi problemləri» mövzusunda keçirdiyi konfransda neftdən asılılığın azaldılması məsələləri müzakirə olunub. İqtisadçı-ekspert Rövşən Ağayev hökumətin özəl sahibkarlığın inkişafına ayırdığı büdcə vəsaitlərinin tədqiqatından danışıb:

«Məlum olur ki, investisiya layihələri nə orta, nə də kiçik sahibkarlara, birmənalı şəkildə iri şirkətlərə ayrılır. Təyinatı birbaşa kiçik sahibkarlığın inkişafıyla bağlı olan Sahibkarlığa Milli Kömək Fondunun ayırdığı vəsaitin 70 faizi məhz iri sahibkarların payına düşüb. Düzdür, kiçik və orta sahibkarların sayı çox olsa da, məbləğin böyük qismi iri sahibkarlara ayrılıb. Bu, bir tendensiyadır. Bu da onu göstərir ki, hökumət üzünü orta və ya kiçik sahibkarlara tutmayıb. Dövlət büdcəsini araşdırdıqda məlum olur ki, vəsaitin heç 5 faizi orta və kiçik sahibkarlara düşməyib. Bu rəqəmlər Azərbaycan hakimiyyətinin sözdə dediyinin və real işinin ən yaxşı nəticəsidir».


Rövşən Ağayev daha bir müqayisədən danışır. Bildirir ki, iri bir özəl şirkətin ixrac payı ölkədəki ümumi ixracın 40 faizini təşkil edir. Rövşən Ağayev bunu inhisarçılığa bariz misal sayır.

10 MANATIN 9-U

Azərbaycan hökuməti «2020 Gələcəyə Baxış Strategiyası»nı təsdiqləyib. Bu strategiyada əsas hədəflərdən biri dövlət büdcəsinin neftdən asılılığını azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirməkdir.

Natiq Cəfərli


İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda qeyri-neft sektorunu inkişaf etdirməyə hər cür imkanlar var. Onun fikrincə, əsas problem bu deyil. Əsas məsələ azad sahibkarlıq mühitinin yaradılması, korrupsiyanın və inhisarçılığın minimuma endirilməsidir:


«Bizim cibimizdə olan 10 manatın 9 manatı neftdən gəlirsə, neftdən asılılığı azaltmaqdan danışmaq çətindir. Azərbaycan neftdən asılılığı azaltmaq üçün hansı sahələri inkişaf etdirməlidir? İllərdir bu məsələ müzakirə olunur. Azərbaycanda rəqabətli, azad sahibkarlıq mühiti olacaqsa, korrupsiya heç olmasa minimuma endiriləcəksə, qeyri-neft sektoru öz-özünə inkişaf edəcək və bu məsələni müzakirə etməyə lüzum qalmayacaq. Əsas problem Azərbaycanda inhisarçılıq, korrupsiyadır. Amma elə bu problemləri həll etməli olan hökumət bu problemlərin əsas səbəbkarıdır, qeyri-neft sektorunun inkişafının qarşısında duran əsas əngəldir».

(mətn reportaj audiosunun altında davam edir)

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan nefti və Yaponiyanın 1 kiloqramlıq beyni


63 FAİZ XƏRCLƏNİB

2013-cü ilin sonunadək Dövlət Neft Fonduna 81 milyard manatadək vəsait daxil olub. Bu vəsaitin 63 faizi - azı 51 milyard manatı artıq xərclənib. Azərbaycanın neft hasilatı azalmağa doğru gedir. İqtisadçı Azər Mehtiyev deyir ki, bu vəsaitin çoxu gəlir gətirməyən sahələrə xərcləndiyindən, gələcəkdə Azərbaycanı ciddi maliyyə problemləri gözləyə bilər. Onun fikrincə, bu problemin qarşısını almaqda ən başlıca təklifi azad sahibkarlıq mühitinin yaradılmasıdır:

«Mən hökumətdən, neft gəlirlərindən mənə nə qədər pay düşəcəyindən asılı olmalı deyiləm. Mənə imkan, azad və rəqabətli mühit yarat, öz bacarığım, öz fəaliyyətim hesabına gəlir götürüm. Amma təəssüflər olsun ki, bu gün Azərbaycanda iri oliqarx biznesi mövcuddur. Onlar ümumiyyətlə azad sahibkarlığın inkişafına mane olurlar.

Əli Məsimli

Bu gün Azərbaycanda kiçik sahibkarlığın Ümumi Daxili Məhsulda payı cəmi 3 faizdir. Bu rəqəm kiçik sahibkarlığı vəziyyətinin bariz nümunəsidir».


1 DOLLAR 10 DOLLAR GƏTİRİRSƏ...

«Azərbaycanın neftini tərəzinin bir gözünə, Yaponiyanın cəmi bir kiloqramlıq intellektual məhsulunu başqa gözünə qoyaq. Yaponiyanın bir kiloqramlıq beyni Azərbaycan neftindən min dəfələrlə ağır gələcək». Bu müqayisəni Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli çəkir. Onun fikrincə, Azərbaycanda qeyri-neft sektorunu inkişaf etdirmək üçün ilk növbədə insan kapitalı inkişaf etdirilməli, bacarıqlı və bilikli kadrlar yetişdirilməlidir:


«Təhsilə qoyulan bir dollar həmin insanın fəaliyyəti dövründə 10-15 dollar əlavə qazanc gətirir. Təsəvvür edin, 1 dollar azı 10 dollar gəlir gətirirsə, bu, Azərbaycanın hara getməsi üçün ən yaxşı mayakdır».


Hər halda Azərbaycanın indiyə kimi neftdən qazandığı gəlirin böyük hissəsi xərclənib. Növbəti illərdə neft gəlirlərinin azalması gözlənilir. Bu halda iqtisadçılar Azərbaycan hökumətini daha diqqətli olmağa çağırır.

Canlı müzakirə