Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 20:50

Ekspert: «Neft Fondu indi 2018-ci ilin vəsaitini xərcləyir»


Xəzər dənizi
Xəzər dənizi
-
Azərbaycanda neft gəlirləri necə idarə olunur? İqtisadi Tədqiqatlar Mərkəzi başa çatdırdığı araşdırmada həmin suala cavab tapmağa çalışıb. «Azərbaycan dövlət büdcə siyasətinin təhlili: risklər və perspektivlər» tədqiqatının müəllifi Qubad İbadoğlu deyir ki, onlar 1990-cı ildən üzü bu yana Azərbaycanda neft hasilatının və neftdən gəlirlərin dinamikasını izləməyə çalışıblar. Onun sözlərinə görə, tədqiqat zamanı məlum olub ki, neft gəlirlərinin yığıldığı Neft Fondunun idarə edilməsi ilə bağlı hüquqi baza təkmil deyil:

«Azərbaycanda Neft Fondundan nə qədər vəsaitin xərclənməsi və eyni zamanda onun proqnozlaşdırılması ilə bağlı heç bir fiskal qayda yoxdur. Neft gəlirlərinin idarə olunması qaydaları, Neft Fondu haqqında qanun mövcud deyil».

Tədqiqatda göstərilir ki, Neft Fondu indi 2018-ci ilin vəsaitini xərcləyir. Bu ilin vəsaiti isə 2011-ci ildə xərclənib. Qubad İbadoğlu bildirir ki, xərcləmələr bu sürətlə davam edərsə, əldə edilən neft və qaz gəlirləri növbəti 10 ildə tükənə bilər. Onun fikrincə, «dövri yenilənən nisbi transferlər vasitəsilə xərcləmələri limitləşdirməklə» gəlirlərdən istifadə müddətini 15 ilədək artırmaq olar.

OFŞOR ZONALARDA TÖRƏMƏ ŞİRKƏTLƏR

Neft Fondunun investisiya siyasəti də tədqiqatın hədəflərindən biri olub. Qubad İbadoğlunun sözlərinə görə, Neft Fondunun xarici ölkələrdən 26 ton qızıl alması gəlirlərin idarəedilməsində riskləri artırıb, çünki qızlın qiyməti sabit qalmır.

Qubad İbadoğlu
Qubad İbadoğlu
Araşdırmada bildirilir ki, Neft Fondu xarici ölkələrdə daşınmaz əmlaka 1 milyard 700 milyon dollar investisiya yatırıb. Qurum ofşor zonalarda, məsələn, Çersi adalarında da əmlak idarəetməsinə sərmayə qoyaraq törəmə müəssisələr yaradıb. Həmin adalarda bu şirkətlər «SOF AZ Re Ltd.», «SOF AZ Re UK L.P», «SOF AZ Re Min Ltd. 78,St James's Street Unit Trust» adı altında qeydiyyatdan keçib. Qubad İbadoğlunun fikrincə, Neft Fondunun əsasnaməsi ona törəmə şirkətlər yaratmağa imkan vermir:

«Burada şübhəli məqamlar var. Onların bəziləri ofşor zonalarda yaradılır. Törəmə müəssisələrin fəaliyyəti barədə şəffaf məlumat yoxdur. Törəmə müəssisələri ilə Neft Fondu arasındakı münasibətləri açıqlayan sənədlər də yoxdur. Bundan başqa, Neft Fondu inkişaf etməkdə olan bəzi ölkələrin banklarında depozitə vəsait qoyub. Bu da vəsaitlərin taleyi ilə bağlı narahatçılıq yaradır. Məsələn, Fond Fransa, Rusiya və Türkiyə banklarına 440 milyon manatdan çox vəsaiti depozitə yatırıb».

Tədqiqatda Azərbaycan və Qazaxıstanın neft gəlirlərinin investisiya və nəticələri də müqayisə olunub. Qazaxıstan 2005-ci ildən bəri neft gəlirlərinin investisiyasından gəlir əldə etməyə başlasa da, Azərbaycan 2006-cı ildən mənfəət götürməyə başlayıb. Son 8 ildə Qazaxıstan neft gəlirlərinin investisiyasından təxminən 4.26, Azərbaycan isə 2.66 faizlik gəlir əldə edib.

Qubad İbadoğlu deyir ki, neft gəlirlərinin daha səmərəli idarə edilməsi üçün həmin gəlirlər mənzil təsərrüfatına, özəl və dövlət bölmələrinə yönəldilməlidir. Verginin, dövlət xərclərinin aşağı salınması və borcların azalması istiqamətində də paralel işlər aparılmalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG