«Sona qədər istintaqa kömək edəcəm»

Gülər Əhmədova

-

Milli Məclisin sabiq deputatı Gülər Əhmədova yenidən ifadə verib. O noyabrın 20-də ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntü ilə bağlı başlanmış cinayət işi üzrə Bakı şəhər Prokurorluğunda ifadə vermək üçün çağırılıb.

Sabiq deputat APA-ya deyib ki, ifadə verməkdə məqsədi istintaqa kömək etmək olub: «Mən əvvəl də demişəm ki, sona qədər bu məsələdə istintaqa kömək edəcəyəm. Məhz buna görə, mandatdan imtina etmişəm. İmtina ərizəmdə də istintaqa yaxından köməklik göstərəcəyimə və bütün bildiklərimi açıqlayacağıma söz vermişəm».

G. Əhmədova bəzi mətbuat orqanlarında onun əleyhinə kampaniya aparıldığını da bildirib:

«Bəzi mətbuat vasitələrində əleyhimə yazılar gedir. Bunların hamısı yalandır. Mən heç vaxt ölkədən qaçmaram. Bəzi qüvvələr belə məlumatları yaymaqla istintaqa təzyiq etmək, mənim 16 illik ictimai-siyasi fəaliyyətimə xələl gətirmək istəyirlər».

Elşad Abdullayevin yaydığı videoda Gülər Əhmədova olduğu deyilən qadının rektordan deputat seçilməsi üçün bir milyon dollar pul istəndiyi görünür. Bu video yayıldıqdan sonra Gülər Əhmədova MSK-ya müraciət edərək deputat mandatından imtina edib. Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb.