Azərbaycan oxucuları üçün daha bir bestseller

"Qanun" nəşriyyatı ingilisdilli ədəbiyyatın daha bir bestsellerini Azərbaycan dilində çap edib: Britaniya yazıçısı David Nicholls-un "Bir gün" romanını.

2009-cu ildə ingiliscə çap edilmiş roman universitet tələbələrinin Məzun gecəsində – 15 iyul 1988-ci ildə Müqəddəs Svitin günündə təsadüfən tanış olan iki gəncdən – Emma ilə Deksterdən bəhs edir.

Həmin gecədə onlar arasında bağlılıq yaransa da, hərəsi öz yolunu tutub gedir. Emma yazıçılığa başlayır, Dekster isə dünyanı gəzir, yeyir-içir, qadınlarla kef edir.

Amma bu son deyil, onlar yenidən bir araya gələcəklər, amma bunun üçün illər keçməlidir...

Bu roman sevgidən daha çox yalnızlıq haqdadır. Gənclik arzuları ilə həyat reallığı arasında uçurum haqda...

“Hər bir oxucu bu kitaba heyran olacaq. Hər bir yazıçı isə bu kitabı özünün yazmış olmasını arzulayacaq”, – David Nicholls-un BİR GÜN romanı haqda deyilən bu sözlər tanınmış ingilis yazıçı-publisisti Toni Parsonsa aiddir. Bir yandan isə “Belfast Telegraph” belə yazır: “Bir gün”ün üstündə Səhiyyə Nazirliyinin bu xəbərdarlığı yazılmalıdır: “Bu kitab son dərəcədə alışqanlıq yarada bilər…” Seçimi oxuculara buraxsaq da, sıradan BİR GÜNÜN həyatımız­dakı yerini bilmək istəyənlərin seçimini qabaqcadan görmək elə də çətin deyil…

İngilis dilindən tərcümə: Pərviz Cəbrayıl, Nilufər Muğantürk