Avropa Birliyi Ukraynada keçiriləcək futbol çempionatını boykot etməyi müzakirəyə çıxarıb

Litva prezidenti Dalia Grybauskaite xəstəxanada Yulia Tymoshenko ilə görüşür. 11 may 2012-ci il.

Avropa Birliyi ölkələrinin Xarici İşlər nazirləri mayın 14-də Brüsseldə toplaşaraq gələn ay Ukraynada keçiriləcək futbol üzrə Avropa Çempionatını boykot etmək məsələlərini müzakirə ediblər.

Avropa Birliyi Kiyevi hazırda 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə həbsxanada olan keçmiş Baş nazir Yulia Tymoshenko ilə pis rəftarda ittiham edir.
Birliyin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton bazar ertəsi deyib ki, onlar Kiyevə ədalətin təmin edilməsi üçün çox açıq bir mesaj göndərirlər.

Bir neçə Avropa lideri artıq həmin çempionata getməkdən imtina etsə də bugünkü müzakirədə nazirlər konkret qərara gələ bilməyiblər.

Brüsseldən gələn xəbərlərə görə nazirlər daha çox iyunun 8-də başlayacaq çempionat ərəfəsində vəziyyəti yaxından izləmək fikirləri səsləndiriblər.

51 yaşlı Yulia Tymoshenko keçən ilin oktyabrında vəzifədən sui-istifadə ittihamı ilə 7 il müddətinə azadlqıdan məhrum edilib. Avropa Birliyi və ABŞ ona qarşı siyasi motivlərlə təqib olduğunu bildirir.

Ukrayna rəsmiləri isə həbsdə Tymoshenkoya qarşı pis davranışla bağlı iddiaları rədd edir.