Azərbaycanda nüvə texnologiyası ilə sterilizasiya qurğusu yaradılır

Foto: Arxiv

Yeni texnologiya kənd təsərrüfatı, qida məhsullarının, tibb avadanlıqlarının streliziyasında istifadə ediləcək.
Dekabrın 21-də Avstriyada Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (MAQATE) Azərbaycan arasında müqavilə bağlanıb.

Bu haqda AzadlıqRadiosuna Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.

«Azərbaycanda sterilizasiya qurğusunun yaradılması ilə bağlı birgə layihə həyata keçiririk. Həmin qurğu ilə bağlı üçtərəfli – istehsalçı qurum, bizim institut və MAQATE arasında müqavilə imzalandı. MAQATE tender keçirmişdi. Qalib Macarıstanın İzotop İnstitutudur».

Adil Qəribov qurğunun kənd təsərrüfatı, qida məhsullarının, tibb avadanlıqlarının streliziyasında istifadə ediləcəyini bildirir:

«Bu texnologiya Azərbaycanda yox idi. Bu, yeni, mütərəqqi texnologiyadır. Bütün dünyada bu texnologiyadan istifadə edilir. Sterilizasiya 3 üsulla aparılır: termik, radiasion və kimyəvi. Termik üsul maddələrin çoxunu destruksiya edir, kimyəvi üsul maddələrin xassələrini dəyişir, zərərlidir. Amma kiçik dozalarda radiasion sterilizasiya əhəmiyyətli bir şeydir. Bu yolla kənd təsərrüfatı, qida məhsullarının, tibb avadanlıqlarının sterilizasiyası aparılır».

Adil Qəribov qurğunun Azərbaycana 2012-ci ildə gətiriləcəyini deyir. Bu məqsədlə ayrıca bina da tikiləcək:

«Azərbaycan izotopların gücünü artırmaq üçün vəsait də ödəyib. Bu işi uğurla həyata keçirə bilərik».

Azərbaycan nümayəndə heyətinə Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov rəhbərlik edir. Müqaviləni də o, imzalayıb.