Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:58

Çernobıl əlili: «Şüanı udursan və sənə nə olduğunu bilmirsən»


Vüqar Xəlilov
Bir neçə həftə əvvəl Yaponiyada Atom Elektrik Stansiyasında baş verən partlayış Vüqar Xəlilovu xəyalən 25 il əvvələ, uzaq Çernobıla aparıb.

«Mən Qarabağ döyüşlərində də olmuşam. Müharibədir, yaralanırsan, nə baş verdiyini, hansı əzanın yaralandığını bilirsən, amma şüalanma elə bir şeydir ki, sənə nə olduğunu bilmirsən».

Bunu Çernobıl əlili, 42 yaşlı Vüqar Xəlilov deyir. 25 il əvvəl o, Litvada əsgərlik çəkirdi:

«Bir gün bizi yığdılar. Hara göndərəcəklərini demədilər. Gətirdilər Çernobıla».

Ukrayna aprelin 19-da Çernobıl AES-də qəzanın 25-ci ildönümü münasibətilə tədbir keçirir.

Azərbaycan Çernobıl Əlilləri Cəmiyyətinin rəhbərliyi də bu tədbirə dəvət alıb. Cəmiyyətdən deyirlər ki, Azərbaycanda 6 mindən çox Çernobıl qəzasının iştirakçısı var. Onların 90-95 faizi əlillik statusu alıb. Çernobıl iştirakçılarından 2 mini indi həyatda yoxdur.

Müsahibimiz V. Xəlilov qəza günlərini belə xatırlayır:

«Orda bir hərbi hissə vardı, təxminən 15-20 nəfər hərbçi vardı. Biz gedəndən sonra yavaş-yavaş hərbçilər yığıldı».

«ÜSTÜMÜZDƏ ŞÜANI GÖSTƏRƏN CİHAZ GƏZDİRİRDİK»

O, Çernobıl stansiyasında, ona yaxın ərazidə nə qədər adam işlədiyini bilmir, amma deyir ki, sovet hökuməti ora minlərlə hərbçi yığmışdı. V. Xəlilov orda 6 ay qalıb:

«Üstümüzdən «nakopitel» deyilən cihaz asırdılar, o göstərirdi ki, sən nə qədər şüa almısan. Ayda bir dəfə yoxlayırdılar, şüalanma dozası çox olan adamı artıq orda saxlamırdılar. 6 aydan sonra məni ordan çıxardılar. Amma demədilər ki, mən nə qədər şüa almışam. İndi də ora yazıram ki, nə qədər şüalanmaya məruz qalmışam. Mənə cavab verən yoxdur».

«HƏR YER ŞÜA»

Çernobıl AES - 2007
V. Xəlilov deyir ki, havada, suda, torpaqda – hər yerdə şüa vardı. Onlara yemək gündəlik Kiyevdən göndərilirdi:

«Yadımdadır, bir dəfə maşında yemək qalmışdı. Gətirdiklərindən bir gün keçmişdi, amma onun hamısını aparıb kənd qəbiristanlığına boşaltdıq. Bizə onu yeməyə icazə vermədilər. Çünki şüalanmışdı».

Havada şüalanmanın səviyyəsi o qədər yüksək imiş ki, V. Xəlilov deyir ki, gözlə görürmüşlər:

«Çəkilirdik kölgəyə, Gün düşən tərəfə baxırdıq. Bənövşəyi, qəribə rənglər görürdük. Komandirimiz deyirdi ki, bu, şüadır».

Müsahibimiz danışır ki, işləyən zaman onlar əleyhqaz geyinirmişlər. Amma bu, onların şüalanmaya məruz qalmasının qarşısını almayıb:

«Ürəyimiz darıxırdı, hər zaman üzü-ağzı bağlı gəzmək adamı incidirdi».

TALEDƏ GƏZDİRİLƏN ÇERNOBIL

V. Xəlilov xatırlayır ki, Azərbaycandan da Çernobıla çoxlu adamlar gətirilmişdi. Hərbçilər arasında olan azərbaycanlılardan savayı, respublikadan gətirilənlər yaşlı adamlar olub. O hesab edir ki, həmin vaxtlar Çernobılda olanların əksəriyyəti Çernobılı təkcə xatirəsində saxlamır, həm də canında, taleyində gəzdirir:

«Onda biz cavanıydıq. Şüalanmanın fəsadını hiss etmirdik, yaşlaşdıqca, ağrılarımız başlayıb. Kimisinin uşağına da keçdi. İndi məndə o qədər ağrılar var ki... Ayda bir dəfə başımda elə ağrı olur ki, düşmənimə də arzu eləmərəm. Oynaq ağrılarım olur, havada külək olmayanda, qanım dayanır. Bir qızım var, əsəbidir, güman edirəm ki, mənim şüa almağımın nəticəsidir.

Çernobıl, 1986
Sözarası onu da əlavə edir ki, Çernobılda olmağı onun ilk evliliyini pozub, çünki bu fakt üzə çıxandan sonra gəlinin valideynlərinin təkidi ilə yeni qurulan ailə dağılıb. «Bəlkə də qorxurdular, uşaq olmaya, ya məndə hansısa problemlər yarana», - deyir V. Xəlilov.

2 MİN RUBLLA ÖLÇÜLƏN SAĞLAMLIQ

1987-ci ildə, Çernobıldan qayıdandan sonra ona bankdan hesab gəlib, altı aylıq işinə o dövrün pulu ilə ona 2 min rubldan çox maaş yazılıbmış. Bəs indi necə, aldığı təqaüd onun ehtiyacını ödəyirmi?

«128 manat təqaüd alıram. Düzdür, Rusiyadakı kimi deyil, orda Çernobıl əlillərinin güzəştləri var. Amma yenə də sağ olsunlar, bunu verirlər. Siz də Azərbaycanda yaşayırsız, bilirsiz bu təqaüd nəyə çatar, nəyə yox...».

YAPONİYAYA GEDƏRƏM

Uzaq Yaponiyada atom elektrik stansiyasında baş vermiş partlayışı o, Çernobılın radiasiyalı havasını udmayanlardan fərqli qarşılayıb. Deyir, təəssüratı ağır olub, əlindən yalnız onlara dua eləmək gəlib. Soruşuram ki, bu dəfə sizi Yaponiyaya köməyə göndərsəydilər və hara gedəcəyinizi də desəydilər, gedərdizmi? Heç fikirləşmədən dedi:

«Gedərəm, bu dəqiqə gedərəm, özü də heç nəyə baxmadan...».
XS
SM
MD
LG