Prezidentin sadaladığı iş yerləri...

«3-cü mikrorayon dairəsi»ndə toplaşanlar günəmuzd işçilərdir

7 İLDƏ 1 MİLYONA YAXIN İŞ YERİ

Bakının «3-cü mikrorayon dairəsi» deyilən yerdəki körpüyə yaxınlaşıram. Alətlərini yol qırağına qoyub isti havadan daldalanmaq üçün kölgəliyə çəkilən kişilərə yaxınlaşıram. Onları elə yay-qış bu körpünün altında tapmaq olar. 40-50 yaşlarında, çirkli, nimdaş geyimdə olan kişiyə gəlişimin məqsədini deyirəm, əlini yelləyir ki, özümü yormayım, burdakılar danışan deyil. Amma onlardan birinə yaxınlaşanın başına toplaşmağa vərdiş ediblərmiş kimi bir neçə saniyədə üzük qaşı kimi məni dövrəyə aldılar...

Məni bura gətirən işsizliyin Azərbaycanda az qala ləğv olunduğu barədə yüksək tribunalarda söylənən mesajlar olmuşdu.

«Son 7 ildə Azərbaycanda yoxsulluq 5 dəfə azalıb, 1 milyona qədər iş yerləri açılıb».

Prezident İlham Əliyev bu fikirləri iyunun 26-da Bakıda keçirilən hərbi paradda demişdi. O, iyulun 12-də Nazirlər Kabinetinin 2011-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında isə fikirlərini bir az da konkretləşdirib, deyib ki, son 6 ayda 38 min yeni iş yeri açılıb.

«BƏXTƏ BƏXT İŞ»

«3-cü mikrorayon dairəsi»ndə toplaşanlar isə daimi işi olmayanlar, günəmuzd işçilərdir. Əsasən, bənnalıq, elektrik ustası, qaynaqçı, suvaqçı və ya sadəcə fəhlə kimi öz xidmətlərini təklif edirlər. Danışırlar ki, hər gün səhər saat 7-8-dən günbatana kimi burda növbə çəkirlər. Bəxtləri gətirərsə, iş təklifi
Hər gün səhər saat 7-8-dən günbatana kimi burda növbə çəkirlər
alarlarsa, deməli, həmin gün evlərinə çörək aparacaqlar.

39 yaşlı, dildən pərgar Cəlil Muradov 5-ci dərəcəli qaynaqçı olduğunu deyir:

«Bax bu əllərimə. Neçə dəfə əzmişəm. Bu əllərlə çörək qazanıram».

«Bəs nədən daimi iş axtarmırsız? Axı, elə Bakıda bu qədər tikinti var» soruşuram. Təkcə Cəlil yox, o biriləri də az qala bir ağızdan cavab verir ki, bir çox tikintidə ya vaxtlı-vaxtında maaş vermirlər, ya da əməkhaqqı çox aşağıdır.

Hərəsi Azərbaycanın bir yerindən gəlib - kimisi Yardımlıdan, kimisi Cəlilabaddan, kimisi Şamaxıdan. Bakıda kirayədə, adambaşına 2-4 manatdan qalanı da var, ailəsi ilə ayrıca kirayə ev tutan da.

«TORPAQ DOLANDIRMIR»

Yardımlıdan olan Adil deyir ki, kənddə taxıl əkib, amma kombayn olmadığından əziyyəti yerdə qalıb. Ailəsini də götürüb Bakıya sığınıb, kirayə qalır, özü də günəmuzd iş axtarışındadır.

Şamaxıdan olan Gülnəzər Musayev də əkin-biçinini atıb paytaxtda iş axtarmağa məcbur olduğunu deyir. Onun fikrincə, torpaq kəndlini dolandıra bilmir:

Natiq Cəfərli
«İşsiz qalmışam, çörək dalınca gəlmişəm. Burda da hər gün iş olmur, elə olur ki, günlərlə gözləyirsən ki, bir iş ola. 10-15 gündən bir 15-20 manat pul qazanırıq».

«RƏSMİ STATİSTİKA İNANDIRMIR»

İqtisadçı Natiq Cəfərli deyir ki, rəsmi statistika əhalinin məşğulluğunu göstərəndə, torpaq sahiblərini də işçi kimi göstərir. Ekspert hesab edir ki, torpaq sahibi olmaq hələ heç də məşğulluq anlamını vermir. Onun fikrincə, rəsmi statistika inandırıcı görünmür, çünki rəqəmlərin hansı metodologiya əsasında toplandığı heç mütəxəssislərə də aydın deyil:

«Prezident 2003-cü ildən bəri 1 milyona qədər iş yeri açıldığını dedi. Amma bu illər ərzində nə qədər iş yerinin bağlandığı barədə rəqəmlər səslənmir. Digər tərəfdən, metodologiya çox önəmlidir. Məsələn, Türkiyədə işsizliklə bağlı məlumatlar sorğular vasitəsilə öyrənilir. Suallar belə olur ki, son bir ayda, son altı ayda, son bir ildə işləyibsinizmi? Nəticədə ortaq bir rəqəm əldə olunur”.

Natiq Cəfərli deyir ki, müvafiq qanunvericiliyə əsasən, kimsə bir yerdə 3 gündən artıq işləməyə başlayırsa, o zaman Sosial Müdafiə Fondundan sığorta kartı almalıdır. Son açıqlanan rəqəmlərə əsasən, ölkədə təxminən 1 milyon 800 min nəfər sosial sığorta olunan var. Halbuki, rəsmi statistik rəqəmlərə əsasən, ölkədə 4 milyon adam işlə təmin olunub. Natiq Cəfərli bu rəqəmlər arasındakı ziddiyyətin suallar doğurduğunu söyləyir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il Azərbaycanda 40 minə yaxın adam işsizlik statusu alıb. 50 minə yaxın adam iş axtarıb və onların 30 minə yaxını işlə təmin olunub.