Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 11:31

Rusiyadan qayıdanlar var


Ötən ilin 9 ayı ərzində şəhərə gələnlərin sayı 350 nəfər olubsa, həmin ilin son 2 ayı ərzində bu rəqəm 312 nəfər təşkil edib
Ötən ilin 9 ayı ərzində şəhərə gələnlərin sayı 350 nəfər olubsa, həmin ilin son 2 ayı ərzində bu rəqəm 312 nəfər təşkil edib
Ötən ilin sonunda Rusiyada baş verən etnik qarşıdurma orada yaşayan azərbaycanlılardan bəzilərini vətənə dönməyə vadar edir. Yaşar İbrahimov 8 ildir ki, Moskvada ticarətlə məşğul olub, yaxşı da pul qazandığını deyir. Elə evini də, maşınını da həmin vaxt ərzində qazandığı pulla alıb. Bir neçə gündür ki, Gəncəyə qayıdan Yaşar İbrahimov iş tapa bilmir:

«Mən hardasa bir həftə olar gəlmişəm. Uzun müddət Moskvada yaşamışam. Vəziyyət pis olduğuna görə fikirləşdik ki, birdəfəlik qayıdaq vətənə. Orda vəziyyət pisdir, nümayişlər olur. Bayıra çıxmaq olmur, «keçəllər» deyirlər, onlar camaatı döyür, hamı bir-birinə qarışıb. Bizə qarşı zorakılıqlar edirlər, yolda tutub döyürlər, pulumuzu alırlar. Bilmirsən milisdir, bilmirsən polisdir, ümumiyyətlə çətindir indi Moskvada yaşamaq. Ayda 4-5 min dollar qazanmaq olurdu. Gəlmişik burda da elə bir iş yoxdur».

MİLLƏTİMİZƏ QARŞI KOBUD DAVRANIRLAR

Natiq Əliyev isə Yevlax sakinidir. O da uzun müddətdir ki, ailəsini Moskvada qazandığı pulla dolandırır. İndi onun da işsizlik qayğısı var, amma deyir ki, bir narahatçılığı da Moskvada yaşayan digər vətəndaşlarımıza edilən haqsızlıqdır:

Moskvada vəziyyət pisdir, nümayişlər olur. Bayıra çıxmaq olmur
«Millətimiz pis vəziyyətdəydi. Ordakı miqrantlarla pis davranırlar. 25-26 min rubl kirayə pulu verirdim, yaşayırdım. Başqa yerlərdən də gəlirim var idi. İndi gəlmişəm, görək nə olur».

TƏKCƏ SON 2 AYDA GƏNCƏYƏ 312 NƏFƏR QAYIDIB

Ötən il dekabrın 6-da «Spartak» futbol klubunun fanatı Yeqor Sviridov öldürüldükdən sonra Rusiyada qafqazlılara münasibət pisləşib. Bundan sonra ölkədə qarışıqlıq yaratmaq istəyən minlərlə adam saxlanıb.

Müsahiblərim deyirlər ki, elə həmin vaxtdan Rusiyada yaşayan azərbaycanlılara qarşı da zorakılıqlar artıb.

Gəncə şəhər Statistika İdarəsindən verilən məlumat da təsdiqləyir ki, həmin tarixdən etibarən Gəncəyə qayıdanların sayı artıb. Belə ki, ötən ilin 9 ayı ərzində şəhərə gələnlərin sayı 350 nəfər olubsa, həmin ilin son 2 ayı ərzində bu rəqəm 312 nəfər təşkil edib.

Müsahibim Natiq Əliyev deyir ki, bir aya yaxındır gəlib, amma Azərbaycanda yaxşı, onu qane edəcək iş tapa bilmir.

MƏŞĞULLUQ MƏRKƏZİNƏ MÜRACİƏT ETSİNLƏR


Qubad İbadoğlu
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Sahib Əliyev isə deyir ki, hələ ki Rusiyadan vətəndaşların kütləvi qayıdışı yoxdur. Qayıdanlar işlə təmin olunmaq istəsələr, məşğulluq mərkəzinə öz ixtisaslarına uyğun müraciət edərək iş tapa bilərlər.

İŞ AXTARANLARIN SAYI ARTACAQ

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu deyir ki, azərbaycanlıların Rusiyadan geri qayıtması ölkədə iqtisadi durumu daha da gərginləşdirəcək, işə ehtiyacı olanların sayı artacaq:

«İş axtaranların sayı artacaq. Hökumətin məşğulluq proqramı var, amma bu, ölkədə yaşayan əhalini belə işlə təmin edə bilmir».

Qubad İbadoğlu deyir ki, Rusiyadan göndərilən vəsaitlər qlobal maliyyə böhranından sonra 1,5 milyard manat təşkil edir ki, bu da Azərbaycan üçün böyük vəsait deməkdir.
XS
SM
MD
LG